2021-ci il iyunun 15-i yalnız sadə bir tarix deyil, əksinə, dərin məna daşıyan və taleyin qisməti ilə seçilmiş bir gündür.
Məhz həmin gün Azərbaycan ilə Türkiyə arasında əlaqələri yeni və strateji bir mərhələyə yüksəldən Şuşa Bəyannaməsi imzalandı. Tarixi Şuşa şəhərində baş tutan bu mühüm hadisə, təkcə iki qardaş dövlət arasında hüquqi-siyasi sənədin imzalanması deyildi. Bu, bir millətin iki dövlət şəklində təcəssümünün, ortaq yaddaşın, ortaq tarix və taleyin hüquqi ifadəsi, geosiyasi məkanın bərpa olunmuş mənəvi mərkəzində yenidən səslənən iradə idi.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin müstəqillik və suverenlik anlayışını sadəcə siyasi atributlarla deyil, tarixi məsuliyyət və müttəfiqlik ruhu ilə dəyərləndirdiklərinin parlaq nümunəsidir. Burada imzalanan sənəd bir öhdəlikdən çox, bir vəd, bir təəhhüd, bir geosiyasi manifest idi. Bu sənəd Azərbaycanın mədəniyyət beşiyi, işğaldan azad olunmuş Şuşada imzalanmaqla, qələbənin təkcə hərb meydanında deyil, həm də zəkanın, uzaqgörənliyin və dəyərlərin zəfəri olduğunu sübuta yetirdi.
Bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında münasibətlər sadəcə strateji tərəfdaşlıq çərçivəsindən çıxaraq formal müttəfiqlik səviyyəsinə yüksəldi. Sənəddə qeyd edilən hərbi-siyasi dəstək müddəaları bir ölkəyə qarşı təhdid olarsa digərinin dəstəyinin təmin olunması və iki dövlətin taleyindəki vəhdətin dövlət sənədi ilə rəsmiləşdirilməsidir.
Lakin bu hadisəni daha dərindən anlamaq üçün onu tarixi kontekstdə, xüsusilə 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri ilə müqayisədə dəyərləndirmək lazımdır. O dövrdə də Azərbaycan ətrafında gedən geopolitik proseslər fonunda Türkiyə və Sovet Rusiyası arasında bağlanan bu sənədlər Naxçıvanın Azərbaycan tərkibində qalmasını beynəlxalq səviyyədə tanıtmışdı.
Qars müqaviləsi, Türkiyənin Cənubi Qafqazda ilk dəfə diplomatik iştirakını və Azərbaycanın ərazi bütövlüyünə qarantlığını hüquqi formada təsbit etmişdi. Yüz il sonra Şuşa Bəyannaməsi ilə bu qarantlıq və müttəfiqlik çağdaş geosiyasi reallıqlar çərçivəsində bir daha təsdiqləndi.
Bu sənəd eyni zamanda tarixin nəbzini hiss edən, hadisələri yalnız siyasi təcrübə ilə deyil, xalqın ruhunu oxuma bacarığı ilə yönəldən liderin — Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsi idi. O, təkcə torpaqları azad etmədi; həm də bu torpaqlara mənəvi suverenlik, ideya rəhbərliyi gətirdi. İlham Əliyev öz siyasi iradəsi ilə XX əsrin əvvəllərində yarımçıq qalmış dövlətçilik arzularını XXI əsrdə reallaşdırdı.
Şuşada imzalanan Bəyannamə, onun rəhbərliyi ilə Azərbaycanın regional güc mərkəzinə çevrilməsinin rəmzidir.
Şuşa Bəyannaməsi yalnız siyasi əlaqələrin və təhlükəsizlik konseptlərinin möhkəmləndirilməsi deyil, həm də mədəni kimliyin, türk birliyinin və ortaq dəyərlərin dirçəldilməsi üçün platformadır. Bu sənədlə Azərbaycan və Türkiyə xalqları öz qədim ortaq yaddaşlarını yenidən aktuallaşdırdı, ortaq gələcəyin təməllərini hüquqi cəhətdən möhkəmləndirdi.
Əminliklə bildirmək olar ki, Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.
Bu sənəd yalnız iki qardaş ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığı deyil, eyni zamanda elm, təhsil, mədəniyyət, turizm, enerji və digər sahələrdə də qarşılıqlı əlaqələrin daha da dərinləşməsini təmin edir. Bəyannamə əsasında həyata keçirilən konkret layihələr və birgə təşəbbüslər regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına töhfə verir.
Bununla yanaşı, Şuşa Bəyannaməsinin reallaşdırılması Azərbaycanın və Türkiyənin milli maraqlarının müdafiəsini gücləndirir, onların beynəlxalq arenada nüfuzunun artmasına, söz sahibi ölkələr kimi qəbul olunmasına şərait yaradır. Hər iki dövlətin iqtisadi və hərbi potensialının güclənməsi, ortaq siyasi mövqelərinin beynəlxalq təşkilatlarda müdafiə olunması regional inteqrasiyanı təşviq etməklə yanaşı, Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə də ciddi töhfə verir.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin strateji yol xəritəsi kimi çıxış edir və regional geosiyasi arxitekturanın formalaşmasında mühüm rol oynayır.
Beləliklə, Azərbaycanın XXI əsrdə qazandığı bu uğur həm hərbi, həm diplomatik, həm də mədəni mənada tarix boyu bəzən zərbələrə “tuş” gələn, bəzən sarsılan, amma heç vaxt əyilməyən, sönməyən, tükənməyən xalq iradəsinin və milli kimliyin qalibiyyətidir. Şuşada imzalanmış bu Bəyannamə isə həmin iradənin qayaya həkk olunmuş sözüdür dəyişməyəcək və əbədi qalacaq.