EN

Əli Əhmədov: Zəngəzur dəhlizinin açılması regional və beynəlxalq kommunikasiyalarda yeni istiqamətlər yaradacaq

ŞUŞA, 15 iyun. TELEQRAF

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin müavini Əli Əhmədov “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda çıxış edib. O, konfransın həm tarixi gündə, həm də rəmzi məkanda keçirilməsini xüsusi vurğulayıb.

Teleqraf xəbər verir ki, Əli Əhmədov tədbirin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun-Milli Qurtuluş Günü ərəfəsində baş tutması onun siyasi və mənəvi əhəmiyyətini daha da artırdığını bildirib: “Heydər Əliyevin Azərbaycana qayıdışı ilə əsasları qoyulan müstəqil dövlətçilik bu gün Prezident İlham Əliyevin əldə etdiyi tarixi Zəfər sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu möhtəşəm tədbirin məhz Şuşada keçirilməsi bu siyasi ardıcıllığın və qayıdış məfkurəsinin təntənəsidir”.

YAP sədrinin müavini çıxışında dünyada mövcud olan siyasi təhdidlərə də toxunaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu çağırışlara adekvat cavab verir və milli maraqlara əsaslanır.

“Azərbaycanın sülh gündəliyi Cənubi Qafqazda davamlı və etibarlı sülhün təmin olunmasına xidmət edir”,-deyə Əhmədov vurğulayıb.

O, həmçinin Azərbaycanın region ölkələri ilə qurduğu münasibətlərin etibarlı əməkdaşlığa əsaslandığını və Zəngəzur dəhlizinin bu kontekstdə mühüm rola malik olduğunu qeyd edib:
“Zəngəzur dəhlizinin açılması regional və beynəlxalq kommunikasiyalarda yeni istiqamətlər yaradacaq.”

Əli Əhmədov əlavə edib ki, müasir dövr bəşəriyyəti yeni və ciddi təhlükələrlə üz-üzə qoyub və bu dəyişikliklər yeni çağırışları da özü ilə gətirir: “Tarix boyu insanlıq bu cür dönüş nöqtələrinin şahidi olub. Azərbaycanın bu çağırışlara qarşı hazırlıqlı olması dövlətçilik uğurlarının nəticəsidir".

Chosen
11
teleqraf.com

1Sources