EN

Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi: Şuşa Bəyannaməsi

Bakı, 15 iyun, AZƏRTAC

2021-ci il iyunun 15-də iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni səhifə açdı. Bu, təkcə siyasi akt deyil, eyni zamanda, tarixi, strateji və geosiyasi əhəmiyyət daşıyan bir sənəddir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Bəyannamə tarixi irsə, liderlərin vəsiyyətinə əsaslanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları sənədin ideoloji əsasını təşkil edir. Məhz bu amil sənədi adi diplomatik protokoldan daha artıq – ideoloji və mənəvi bağlara söykənən müttəfiqlik bəyannaməsi səviyyəsinə qaldırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov söyləyib.

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi sarsılmaz müttəfiqliyin rəsmi sənədləşməsi olmaqla yanaşı, regionda və beynəlxalq müstəvidə ciddi siyasi və geosiyasi mesaj daşıyır. Müqavilə Azərbaycanın və Türkiyənin regional təhlükəsizliyə, inteqrasiyaya və sabitliyə töhfə vermək niyyətini əks etdirir. Eyni zamanda, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bəyannamə təkcə siyasi deyil, iqtisadiyyat, enerji, müdafiə sənayesi, nəqliyyat, təhsil, mədəniyyət və informasiya sahələrində də dərin əməkdaşlıq platforması yaradır. Bu sənədin icrası nəticəsində müdafiə və təhlükəsizlik sahəsində ortaq layihələr və hərbi təlimlər genişləndirilib, Qarabağın bərpasında Türkiyə şirkətləri ilə sıx əməkdaşlıq həyata keçirilir, qarşılıqlı investisiya mühiti daha da əlverişli hala gətirilir, diaspor və media sahələrində koordinasiyalı fəaliyyət gücləndirilir.

“Şuşa Bəyannaməsində 100 il əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilməsi sənədə dərin tarixi və rəmzi məna qazandırır. Tarixən böyük güclərin maraq dairəsində olmuş Cənubi Qafqazda bu gün Azərbaycan və Türkiyənin birgə siyasi iradəsi və əməkdaşlığı regional güc balansını dəyişməkdədir. Müasir dövrdə bu sənəd Türk Dövlətləri Təşkilatı kimi platformalarda da yeni strateji istiqamətlərin formalaşmasına təkan verir.

Bu sənəd Azərbaycanın və Türkiyənin strateji müttəfiqliyinin hüquqi təminatıdır. Bəyannamə yalnız bugünkü əməkdaşlığın deyil, gələcək nəsillərə ötürüləcək birgə siyasi iradənin və ortaq gələcəyin də Yol xəritəsidir. Bu sənədin imzalanması ilə Azərbaycanın və Türkiyənin əlaqələri, sadəcə, qardaşlıqla deyil, müttəfiqlik statusu ilə də möhkəmləndirildi”, - deyə V.Qafarov əlavə edib.

Chosen
7
azertag.az

1Sources