Baş məşqçi postunda Azər Bağırovu Adil Şükürovla əvəzləyən “Kəpəz”də yeni mövsümün hazırlıqlarına start verilib.
Komandanı tərk edəcək futbolçuların adları bəllidir ki, onlardan biri Nicat Süleymanovdur.
26 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Gəncə təmsilçisindən ayrılan Süleymanov karyerasını ölkə xaricində davam etdirmək niyyətindədir.
Əcnəbi menecerlərlə təmas quran futbolçu üç ölkədən birində oynamaqla bağlı təklifə müsbət yanaşıb. Bunlar Malayziya, Sinqapur və Taylanddır.
Hazırda bu yöndə danışıqlar davam edir. Nicat ona təklif olunan şərtlər arasında ən sərfəlisini seçəndən sonra həmin ölkəyə yollanacaq.
U-21 millimizin sabiq üzvü başa çatan mövsümdə “Kəpəz”in heyətində 20 oyunun iştirakçısı olmaqla 1 qol və 1 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ