EN

ABŞ-da Demokratlara qanlı hücum - Melissa Hortman öldürüldü, senator Hoffman ağır yaralı (FOTO)

ABŞ-ın Minnesota ştatında Demokratlar Partiyasını təmsil edən tanınmış siyasətçilərə qarşı sui-qəsd hücumları törədilib.

Musavat.com-un xarici mənbələrə istinadən xəbərinə görə, hadisə 14 iyun, şənbə səhəri baş verib.

Hücumlar nəticəsində Minnesota ştat nümayəndəsi, keçmiş Nümayəndələr Palatasının sədri Melissa Hortman və həyat yoldaşı Mark yaşadıqları evdə öldürülüblər. Hücumun təşkilatçısı özünü polis kimi təqdim edib və hadisə yerinə polis avtomobilinə bənzər nəqliyyat vasitəsi ilə yaxınlaşıb.

Eyni gecə başqa bir ünvanda – Çamplin bölgəsində ştat senatoru Con Hoffman və həyat yoldaşı da silahlı hücuma məruz qalıb. Hər iki şəxs ağır yaralanıb və hazırda xəstəxanada reanimasiya şəraitindədir.

Ştat qubernatoru Tim Uolz hadisəni “siyasi motivli qətl” kimi dəyərləndirib.

ASOT.jpg

Polisin məlumatına görə, hücum edən şəxs polis formasında olub və əvvəlcədən planlaşdırılmış hədəfləri olub.

Hadisə yerində digər siyasətçilərin adlarının yer aldığı siyahı tapılıb – bu da hücumların davam edə biləcəyinə dair şübhələri artırır.

Hadisələrdən sonra Minneapolis ətrafında 5 kilometrlik ərazidə “sığınacaq rejimi” elan edilib.

Hücumla bağlı araşdırmalara FBI və Kriminal İstintaq Bürosu da qoşulub.

Hazırda hücum edən şəxsin axtarışları davam edir. Ştatda təhlükəsizlik tədbirləri gücləndirilib.

Melissa Hortman (55 yaş) – 2019–2024-cü illərdə Minnesota Nümayəndələr Palatasının spikeri olub. Ştatda mühüm siyasi fiqur kimi tanınırdı.

Con Hoffman (60 yaş) – 2013-cü ildən Minnesota ştat senatorudur. Təhsil siyasəti və sosial müdafiə sahəsində fəallığı ilə tanınır.

Qubernator Tim Uolz və Demokrat Partiyasının rəhbərliyi ictimaiyyəti siyasi zorakılığa qarşı birliyə çağırıb.

Musavat.com

Chosen
56
4
musavat.com

5Sources