EN

Trent Aleksander-Arnold: “Niyə soyadım deyil, məhz adım?”

“Real”ın ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold futbol köynəyində məhz adının yazılmasına niyə qərar verdiyini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, ingiltərəli futbolçunun müvafiq açıqlamasını təqdiim edir:

“Hər şey kifayət qədər sadədir. Avropadakı səfərlərim ərzində mən dəfələrlə müşahidə etmişəm ki, insanlar mənim ad-soyadımla bağlı çətinlik çəkirlər. Orada üç söz var – Trent Aleksander-Arnold və hər kəs məni müxtəlif cür adlandırır: kimsə – Aleksander, kimsə – Arnold, kimsə də – sadəcə Trent.

Buna görə də mən sadələşdirmək qərarına gəldim. Trent – mənim adımdır. Mənim futbol köynəyimdə indi məhz belə yazılacaq. Qoy hamı məni bu adla çağırsın”, deyə Trent vurğulayıb.

Trent Aleksander-Arnold “Liverpul”un məzunudur. “Real” Trenti cari ilin iyun ayında, futbolçunun “qırmızılar”a müqaviləsinin başa çatmasına bir ay qalmış, erkən surətdə “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” “Liverpul”a erkən keçid müqabilində 10 milyon avro məbləğində təzminat haqqı ödəyib. Trent “Real”la müddəti 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Aleksander-Arnold “Liverpul”un heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 34 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Chosen
33
arena.az

1Sources