EN

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

Praqa, 14 iyun, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) GLOBSEC-lə birgə Praqada “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” (“The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?”) adlı panel müzakirəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, TV aparıcı və jurnalist Kris Börnsün moderatorluq etdiyi panelin iştirakçıları sırasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun (ISPI) Rusiya, Qafqaz və Mərkəzi Asiya Mərkəzinin baş elmi işçisi Eleonora Tafuro Ambrosetti, həmçinin Orta Doğu Texniki Universitetinin professoru Hüseyn Bağcı yer alıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Orta Dəhlizlə bağlı Azərbaycanın baxışını təqdim edərək, bu marşrutun geosiyasi əhəmiyyətini və daha geniş regional inteqrasiyaya verdiyi imkanları vurğulayıb.

Hikmət Hacıyev Azərbaycanın quru, hava, dəniz və rəqəmsal infrastrukturunu təkmilləşdirərək dənizə çıxışı olmayan ölkə statusundan nəqliyyat baxımından əlaqələndirilmiş məkana çevrildiyini və bunun bütün Avrasiyaya fayda verdiyini qeyd edib.

Ermənistanın “Sülh yollarının kəsişməsi” təşəbbüsünə dair suallara cavab verən Hikmət Hacıyev bu yanaşmanı “gecikmiş və natamam” kimi təsvir edib:

“Azərbaycanın əraziləri işğal altında olarkən biz hər zaman bağlantıların yaradılmasını münaqişənin həlli prosesinin tərkib hissəsi kimi vurğulamışıq. İndi isə münaqişə həll olunub. Burada qeyd etməli olduğum vacib məqamlardan biri də Şərq-Qərb dəhlizinin əsas komponentlərindən olan təhlükəsizlik və sabitlikdir. Bu, həm də Azərbaycan Respublikasının regionda tam təhlükəsizlik və sabitlik yaratması ilə bağlı nailiyyətidir. Ermənistan regional diskursların və nəqliyyat bağlantılarının bir hissəsi ola bilər. Biz regionda heç bir təcrid və ya kənarda qalma hallarını görməkdə maraqlı deyilik. Lakin eyni zamanda Ermənistan tərəfdən də müəyyən gözləntilərimiz var. Ermənistan 30 il ərzində Naxçıvanı blokadada saxlayıb. İndi biz Ermənistanın ilk vacib addımı ataraq Zəngəzur dəhlizi ilə bağlı iş görməsini gözləyirik. Ermənistan ərazisindən keçən bağlantılarla bağlı isə qeyd etmək istəyirəm ki, Ermənistan onun iqtisadi baxımdan nə dərəcədə səmərəli olduğunu sübut etməlidir. Azərbaycan artıq öz bağlantılarını qurub. İndi isə Ermənistan göstərməlidir ki, onun əraziləri üzərindən keçən marşrut iqtisadi baxımdan nə qədər rentabellidir. Sevindirici haldır ki, biz Ermənistanla ikitərəfli kanallar vasitəsilə sülh sazişi, sərhədlərin delimitasiyası və digər məsələlər üzrə işləyirik. Sülh sazişi üzrə mətn razılaşdırılıb. Hələ də açıq qalan məsələlər var, lakin bu istiqamətdə işlər davam etdirilir”,- deyə o, qeyd edib.

Hikmət Hacıyev həmçinin Azərbaycanın irəli sürdüyü “3+3” regional əməkdaşlıq təşəbbüsünə toxunaraq ölkəmizin davamlı sülhə sadiqliyini bir daha vurğulayıb:

“Sülh sazişi Bakıda hazırlanıb. Sazişin əsas prinsipləri məhz Bakıda işlənib hazırlanıb. Azərbaycan regionda sülh və sabitliyin təmin olunması üçün mühüm addımlar atıb. İndi isə biz sülh gündəliyi üzərində çalışırıq. Ən vacibi isə budur ki, Cənubi Qafqazda yeni bir status-kvo yaranıb. Bu status-kvo beynəlxalq hüquq və legitimlik üzərində qurulub. Əvvəlki status-kvo isə işğal faktına əsaslanırdı”.

Digər panel iştirakçıları da Orta Dəhlizin geosiyasi və geoiqtisadi rolu barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, GLOBSEC 2025 Avropanın xarici siyasət və təhlükəsizlik sahəsində liderlərini, dövlət başçılarını, sahibkarları, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin və akademik dairələrin nümayəndələrini bir araya gətirən illik forumdur.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Chosen
62
5
azertag.az

10Sources