EN

“Bayern” Florian Virtslə bağlı duruma aydınlıq gətirdi

Məlum olduğu kimi, “Bayer”in 22 yaşlı alman hücumameylli yarımmüdafiəçisi Florian Virts “Liverpul”a keçmək üzrədir.

Arena.az məlumat verir ki, bu mənzərədə, futbolçunun xidmətində maraqlı olan, amma bu məslədə uğursuzluq yaşamış Almaniya nəhəngi “Bayern”in müvafiq keçidə münasibəti məlum olub.

Xatırladaq ki, daha əvvəl “Liverpul”un, Virtsin “qırmızılar”ın düşərgəsinə keçidini 150 milyon avro məbləğ müqabilində “Bayer”lə razılaşdırdığı haqda məlumat yayılıb.

Münhen klubunun idman direktoru Maks Eberl “Bayern”in mövqeyini açıqlayıb:

“Düzü, mən, bizim, “Liverpul”un indi ödədiyi qədər ödəniş edə bilib-bilməyəcəyimizi bilmirəm. Florian Virts – görkəmli oyunçudur. Biz onunla müqavilə imzalaya biləcəyimizi təsəvvür edə bilərdik. Amma bir qapı bağlananda, digəri açılır” – “Daily Mail” dərgisi “Sky” dərgisinin Almaniya şöbəsinə istinadla, Eberldən sitat gətirir.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Virts geridə qalmış 2024/2025-ci illər mövsümündə “əczaçılar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 197 oyun, 57 qol, 65 məhsuldar ötürmə.

Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 31 oyuna çıxıb, 7 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Chosen
37
arena.az

1Sources