EN

"NATO sammitində Ukraynaya "geriyədönməz üzvlük" vədi verilməyəcək" - "The Telegraph"

 
"Gələcək sammit üçün NATO ən qısa yekun sənəd hazırlayır, məqsəd - ABŞ prezidentinin qəzəbinə səbəb olmamaqdır..."
 
NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitində iştirak edəcək ABŞ prezidenti Donald Trampı qıcıqlandırmamaq üçün Alyans tarixinin ən qısa yekun sənədini - cəmi bir səhifəlik kommunikeni qəbul etməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "thetelegraph.com" nəşri yazıb.
 
Sənəd Tramp üçün "hazırlanır"
 
Britaniya nəşrinin yazdığına görə, sənəd cəmi beş-altı abzasdan ibarət olacaq və əsasən Trampın prioritet saydığı məsələ - müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması tələbi ətrafında cəmlənəcək. NATO-dakı yüksək vəzifəli diplomatlardan biri bildirib: "Bu dəfə sənədi daha da qısaldacağıq. Bir səhifədən və beş abzasdan ibarət olacaq".
 
Kommunikedə yalnız əsas tezislər yer alacaq: Rusiya "birbaşa təhdid" kimi tanınacaq, Ukraynaya dəstək veriləcəyi qeyd ediləcək, amma "geriyədönməz üzvlük yolu" ifadəsi sənədə salınmayacaq. Eyni zamanda əvvəlki sənədlərdə olduğu kimi Çin və iqlim məsələlərinə bu dəfə toxunulmayacaq.
 
Bu sadələşdirilmiş yanaşma Trampı narahat etməmək məqsədi daşıyır. Onun seçki qərargahı sənədlərin lakonik olmasında israr edir. Bu taktika ilk dəfə 2019-cu ildə Londonda keçirilən NATO sammitində tətbiq edilib.
 
Kommunike yalnız səfirlər tərəfindən hazırlanacaq
 
NATO baş katibi Mark Rütte sənədin hazırlanma qaydasını dəyişib. Artıq onu yalnız Alyansa üzv ölkələrin səfirləri hazırlayacaq, bu, məlumat sızmalarının qarşısını almaq və sənədin "şəxsi maraqlarla" dolmasına imkan verməmək məqsədi daşıyır. Ölkələrə sənədə öz milli prioritetlərini əlavə etməyə icazə verilməyəcək.
 
Minimum təmas, minimum risk
 
Sammit təşkilatçıları protokol məsələlərini də ehtiyatla planlaşdırır. Trampın digər liderlərlə açıq qarşıdurmalar yaşamaması üçün proqram maksimum sadə saxlanılıb. Yalnız bir işçi sessiya keçiriləcək, o da tamamilə müdafiə xərclərinə həsr olunacaq.
 
Simvolik tədbirlər də nəzərdə tutulub - ABŞ prezidentinin monarxiyalara simpatiyası nəzərə alınaraq, Niderland kralı Vilem-Aleksandr ilə şam yeməyi planlaşdırılıb. Ukrayna prezidenti Vladimir Zelenski ilə təmaslar isə minimum səviyyədə olacaq. Onun iştirakı ilə NATO-Ukrayna Şurasının toplantısı yalnız nazirlər səviyyəsində təşkil ediləcək.
 
Zelenskiyə dəvət məsələsi və Haaqa sammiti haqqında
 
Xatırladaq ki, bu, Niderlandda keçiriləcək ilk NATO sammitidir və yeni baş katib Mark Rüttenin rəhbərliyi ilə baş tutacaq ilk tədbirdir. Sammit 24-25 iyun tarixlərində Haaqada yerləşən  "World Forum" konfrans mərkəzində keçiriləcək.
 
Bundan əvvəl Qərb mediası Trampın Zelenskini sammitdə görmək istəmədiyini yazıb. Amma sonda bu qərar ABŞ-ın deyil, Alyansın ortaq iradəsi ilə verilib. Bir neçə gün öncə Zelenski özü bildirib ki, NATO sammitinə dəvət alıb və iştirak edəcək. ABŞ prezidenti Donald Tramp da tədbirdə iştirak edənlər arasında olacaq.
Chosen
15
moderator.az

1Sources