''Qalatasaray'' və Türkiyə yığmasının ulduzu Barış Alpər Yılmazla bağlı yeni transfer xəbərləri var.
Leroy Sanenin gəlişindən sonra Barışın klubdan ayrılmaq ehtimalı artıb. Artıq mətbuatda real klub adı çəkilir və real məbləğ qeyd olunur.
Belə ki, ildən ilə səviyyəsini əhəmiyyətli dərəcədə artıran Barışa maraq göstərən ən ciddi klub ''Leyptsiq''di. İstedadlı futbolçu özü də bundesliqada oynamağın əleyhinə deyil.
Türkiyə mətbuatının yazdığına inansaq, ''Qalatasaray'' rəhbərliyi ''Leyptsiq''in daha öncə 18 milyon avroluq təklifini geri çevirmişdi. Türkiyə çempionu bu futbolçuya görə 30 milyon avrodan aşağı olan heç bir təklifi müzakirə etməyəcək.
İddialara görə ''Leyptsiq'' bu məbləği ödəməyə hazırdı. Bundan başqa 25 yaşlı futbolçunun potensialını nəzərə alan ''sarı-qırmızılar'' müqaviləyə sonrakı satışdan 15 faizlik pay maddəsini də saldırmaq istəyir.
Qış transfer dönəmində premyer-liqa təmsilçisi ''Vest Hem'' də Barışa maraq göstərmiş, amma həmin vaxt ''Cim-Bom'' onu satmaqdan imtina etmişdi. Hələ ki, anlaşma əldə olunmasa da, ''Leyptsiq''in danışıqlarda bir xeyli irəlilədiyi deyilir.
Barış Alpər Yılmaz ötən mövsüm ''Qalatasaray''ın heyətində 48 rəsmi oyuna çıxaraq aktivinə 14 qol, 6 məhsuldar ötürmə yazıb.