EN

​15 İyun – Milli Qurtuluş Günü:

Azərbaycan xalqının taleyində elə günlər var ki, onlar zamanın sərt sınaqlarından süzülüb gələcək nəsillərə örnək, dövlətin dirçəliş manifestinə çevrilir. Bu günlərdən ən parlaqı, ən unudulmazı – 15 İyun Milli Qurtuluş Günüdür. Bu tarix sadəcə bir siyasi liderin hakimiyyətə qayıdışı deyil, Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və ümidsizliyin içindən doğan ümidin günəş kimi doğduğu andır. 1990-cı illərin əvvəlləri – Azərbaycan üçün çətinliklərin, xaosun, dövlətçiliyin iflasa uğrama təhlükəsi ilə üz-üzə qaldığı illər idi. Müstəqilliyini yenicə qazanmış bir xalqın qarşısında siyasi savadsızlıq, vətəndaş qarşıdurması, separatizm və xarici təzyiqlərlə dolu amansız bir gerçəklik dayanmışdı. Dövlət süqutun bir addımlığında idi. Bu ümidsizlik girdabında Azərbaycan xalqının ümidlərini bir nəfər yaşadırdı – Heydər Əliyev. Xalq, xilaskarını səsləyirdi. O isə tarix səhnəsinə yalnız siyasətçi kimi deyil, xalqı ilə nəfəs alan lider, dövlətin sütunlarını yenidən ucaldan memar, ümidləri inama çevirən fenomenal şəxsiyyət olaraq geri döndü. 15 iyun 1993-cü il – Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçildiyi gün – Azərbaycanın tarixində dönüş nöqtəsinə çevrildi. Bu gün həm də Azərbaycanın siyasi və mənəvi qurtuluş günüdür. Heydər Əliyev qayıtdıqdan sonra ilk işi ölkədə sabitliyi təmin etmək, xaosa son qoymaq oldu. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəetməsində intizam bərpa edildi. Xarici siyasətdə müdrik və balanslı kurs müəyyən olundu. Azərbaycanın taleyi yenidən öz əlinə keçdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya iqtisadiyyatına açıldı, neft strategiyası ilə gələcəyin təməli atıldı. 1995-ci ildə qəbul edilən ilk Konstitusiya ilə hüquqi dövlətin əsasları qoyuldu. Bunlar sadəcə sənədlər deyil, qurtuluşun və dirçəlişin konkret təzahürləridir. Bu gün biz gənclər üçün 15 İyun keçmişin tarix dərsi deyil, gələcəyin yol xəritəsidir. Bu gün bizə öyrədir ki, liderliyə inam, milli həmrəylik və sabitlik olmadan inkişaf mümkün deyil. Heydər Əliyevin qoyduğu təməllər üzərində bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda söz sahibi, dünyada nüfuzlu bir dövlətə çevrilmişdir. Bu siyasi iradənin ən böyük zəfəri isə – 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Qələbədir. Bu Qələbə, 1993-cü ildə başlanan yolun nəticəsidir – Milli Qurtuluşun zəfərlə taclandığı gündür. Bir gənc olaraq qürurla deyə bilərik: Milli Qurtuluş Günü – bizim milli kimliyimizin oyanışı, dövlətçilik şüurumuzun formalaşdığı, vətənə olan inamımızın alovlandığı gündür. Bu gün bizə bir missiya verir: Keçmişimizi düzgün anlayıb, sabaha daha güclü addımlamaq. Dövlətə, liderə, torpağa sadiq olmaq. Heydər Əliyev ideyalarını yaşadaraq Azərbaycanın gələcəyinə işıq tutmaq. Milli Qurtuluş – təkcə tarix deyil, bu günün və sabahın vətəndaş məsuliyyətidir.

“Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin İcraçı direktoru Anar Şükürov

Chosen
25
metbuat.az

1Sources