EN

Digər markalar Çin avtomobilləri ilə mübarizədə çətinlik çəkir — AÇIQLAMA

“Azərbaycanda son illərdə Çin istehsalı avtomobillər nəinki Rusiya avtomobillərini bazardan sıxışdırıb çıxarmağa doğru addım atıb, hətta Koreya, Yaponiya, Avropa avtomobilləri də onlarla mübarizədə əziyyət çəkirlər”.

Bunu Demokrat.az-a “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. O bildirib ki, hazırda bazarda haqlı rəqabətlə birgə, haqsız rəqabət də gedir:



“Rəsmi dilerlər tərəfindən gətirilən Avropa və digər ölkələr üçün istehsal olunmuş Çin avtomobilləri ilə yanaşı, qeyri-rəsmi olaraq Çinin daxili bazarı üçün istehsal olunan avtomobillər də ölkəmizə gətirilir və onlar rəsmi avtomobillərə nisbətən 15–25 faiz ucuz təklif olunur. Bu halda, özünü dünyada təsdiqləmiş Yaponiya, Avropa, Koreya avtomobilləri belə mübarizəni uduzurlar”.
Rusiya istehsalı avtomobillərin bazardakı vəziyyətindən danışan Eyyub Əliyev qeyd edib ki, böyük avtomobil markalarının Rusiya bazarını tərk etməsindən sonra, Rusiya bazarında avtomobillərə yaranan tələbatı nəzərə alsaq, onlara hazırda maraqlı olan yerli bazarı təmin etməkdir, nəinki xarici bazarlar:

“Ona görə rus avtomobil istehsalçıları hələlik xarici bazara elə də maraqlı deyillər. İndiki halda, rus avtomobillərinin Azərbaycandakı mövqeyini Çin avtomobillərinə görə deyil, daxili proseslərə, Ukrayna ilə müharibəyə görə bazarda mövqeyinin zəiflədiyini qeyd edə bilərəm”.

Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
28
1
demokrat.az

2Sources