EN

“Saçlarımı özüm düzətdim, səhərə qədər bağda qaldıq, oğlanları döyürdüm” - Məşhurların “Son zəng” xatirələri - FOTO+ÖZƏL

Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də “Son zəng” günü yaşadıqlarımızdır. Bəs görəsən məşhurların “Son zəng” xatirələri necədir?
 
Moderator.az bununla bağlı onlar arasında sorğu edib:
 
Xalq artisti Firəngiz Mütəllimova:
 
“Bütün məzunları ürəkdən təbrik edirəm. Hamısının yolu açıq olsun. Uğur onlarla olsun. Öz son zəngimi də xatırlayıram. Həmin gün Şuşada, “Güllü park” deyilən yerdə, məktəbimizin qarşısında çoxlu-çoxlu şəkillər çəkdirdik. Biz o vaxt məktəbli forması geyinirdik. Ağ fartuk taxmışdıq. Hər kəs də ora öz ürək sözlərini yazırdı. Həmin fartuku saxlayırdım, sonra Şuşadan çıxanda orada qaldı. O vaxt Cıdır düzünə getdik, gəzdik. Bizim dövrümüzdə lap təmtəraqlı qeyd olunmurdu. Hamı məktəbi bitirdiyinə görə sevinirdi, mən isə çox pis olmuşdum. Deyirdim ki, kaş bir az da oxusaydım (gülür)” deyə sənətkar bildirib.
 
Xalq artisti İlham Namiq Kamal:
 
“1966-cı ildə 10-cu sinifi bitirmişəm. 14 saylı, sonra isə 31 saylı məktəbdə təhsil almışam. Sovet illəri idi. “Son zəng”-i dəbdəbəli qeyd etmirdik. Bir sinif rəhbərimiz mənim haqda iş dəftərinə yazmışdı ki, İlham çox tərbiyəlidir, nəzakətlidir, savadlıdır amma nəzarət altında saxlanılan şagirdlərdən biridir (gülür). 7-ci sinifdə oxuyurdum o zaman” deyə o bildirib.
 
Xalq artisti Nəzakət Teymurova:
 
“Biz rayonda olmuşuq. Son zəngimiz olmayıb. Ona görə də bu haqda danışacaq heç bir xatirəm yoxdur” deyə xanəndə bildirib.
Müğənni Elnarə Xəlilova: “9-cu sinfə qədər bütün oğlanları döyürdüm. Anamın qızıllarını taxıb məktəbə gedirdim. Onun təbii ki, bundan xəbəri yox idi. 1997-ci ildə “Son zəng”-im olub. O vaxt adət idi, fartuklarımızı taxıb, bulvara çıxmışdıq. Bağda keçirmişdik “Son zəng”-i. Evdən icazə alıb, dostumuzun bağında səhərə qədər əylənmişdik. O vaxt bu böyük bir addım idi” deyə müğənni bildirib.
 
Müğənni Çinarə Məlikzadə:
 
 “Mən Bakı şəhəri 20 nömrəli məktəbin məzunuyam. Məzun günümüz çox səmimi və duyğulu keçdi. Elə bil hamı bir filmə çəkilirdi o gün saçlar, makiyajlar, qırmızı lentlər…Hər kəs özünəməxsus parlayırdı. Hamı “parikmaxer”-lərə qaçmışdı, amma mən saçımı da, makiyajımı da özüm etdim. O vaxtdan kreativliyə və öz zövqümə güvənirdim. Düşündüm ki, “Niyə də özüm etməyim?!” “Parikmaxer”-siz də gözəl olmaq mümkündür” (gülür). Ən çox müəllimlərin səmimi sözləri və dostlarla son baxışmalar yadımdadır. Bir də lent atma anı içimdən “bax bu da keçdi” deyə düşünmüşdüm. O andan sonra həyat tamam başqa axara girdi. Əgər o günə yenidən qayıtsaydım heç nəyi dəyişmək istəməzdim. Hətta o özüm etdiyim saç və makiyajı belə. O gündəki Çinarə çox real idi, heç bir filtr, heç bir əlavə toxunuş yox. Bu gün məktəbi bitirən məzunlara isə demək istəyirəm ki, ən vacibi -özünüz olun. Öz tərzinizə və enerjinizə güvənin. Ən gözəl libas içdən gələn gülümsəmənizdir. Və unutmayın: xatirələr brend adlardan yox, səmimiyyətdən yaranır” deyə müğənni bildirib.
 
Müğənni Fədayə Laçın:
 
“Mən Laçın rayonu, Alxaslı kənd orta məktəbində oxumuşam. 6-cı sinifə qədər. Sonra məlum hadisələrlə bağlı Bakıya köç etmişik. Bakıda Buzovna qəsəbəsi, 26 nömrəli məktəbdə təhsil almışam. Hər iki məktəbdə gözəl, savadlı müəllimlərim olub. Məlumunuz olduğu kimi (gülür). Son zəngimiz də bu məktəbdə çalınıb. Elə də maraqlı bir xatirəm yoxdur. Sıradan bir “Son zəng” olub” deyə müğənni bildirib.
 
Müğənni Mənzurə Musayeva:
 
“Son zəng”-i elə gözəl xatırlayıram ki. Hamımız ağlayırdıq, çox mehriban idik. Sumqayıtda, Corat qəsəbəsində 7 nömrəli orta məktəbdə oxumuşam. Çox möhtəşəm keçdi. Mən də o vaxtlar muğam oxuyurdum. Nizami Gəncəvinin qəzəllərini müəllimlərimiz bizə öyrətmişdi. Birimiz mahnı oxuyurduq, birimiz qəzəl deyirdik” deyə o bildirib.
Chosen
23
moderator.az

1Sources