Bakı, 14 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.
BDU-dan AZƏRTAc-a bildirilib ki, universitetin rektoru Elçin Babayev “Gənc istedadlar” liseyinin özünün tədris göstəriciləri ilə artıq brendə çevrildiyini söyləyib. O qeyd edib ki, lisey bu il Respublika Fənn Olimpiadaları üzrə qalib sayı baxımından ölkənin ən yaxşı təhsil müəssisələri sırasında ilk onluqda yer alır. Rektor liseyin məzunlarının yüksək nəticələr göstərərək ölkəmizin adını daim yüksəldəcəklərinə əminliyini bildirib: “Məzunlarımız həmişə fəxr edəcəklər ki, məhz BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin yetirməsidirlər. Bu, onların sonrakı həyatında əhəmiyyətli rol oynayacaq”.
Bu il təhsil müəssisəsini 61 məzun bitirir. Onlardan 8-i xüsusi nümunəli nişana, 19-u fərqlənmə attestatına namizəddir. Ümumi orta təhsil səviyyəsini isə 66 nəfər bitirir. Onlardan 46 nəfəri fərqlənmə attestatı almağa namizəddir. Liseyin 3 şagirdi IX sinfin buraxılış imtahanlarında maksimal 300 bal toplayıb. Bu il liseyin şagirdləri Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək, bir qızıl və bir gümüş olmaqla 7 medal qazanıblar. “Sabahın alimləri” XIV respublika müsabiqəsində lisey şagirdlərinin bir layihəsi I, iki layihəsi II, bir layihəsi isə III yerə layiq görülüb.
Liseyin şagirdləri Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadası, Beynəlxalq Kopernik Olimpiadası, Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, V Astronomiya Olimpiadası, digər beynəlxalq və yerli olimpiadalarda önəmli yerlər qazanıblar.
Tədbirdə tədrisdə fərqlənən, olimpiadalarda yer tutan şagirdlərə, liseyin qabaqcıl müəllimlərinə təşəkkürnamələr təqdim olunub.
Sinif rəhbərləri Zülfiyyə Muradova, Elvira Ömərova, Rəna Qasımova çıxışlarında məzunlara tezliklə tələbə adı qazanmağı və uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı arzu ediblər.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.
Qeyd edək ki, bu il respublika üzrə 113 min nəfərə yaxın şagird XI sinfi bitirir. Onlardan 54 min nəfərə yaxını qız, 58 min nəfərdən çoxu oğlandır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində XI sinifləri 33 min 517, XII sinifləri (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) isə 138 nəfər şagird başa vurur.