EN

Azadlıq, güc, zərafət... - Fotolar

Bu gün Ömər Atçılıq Mərkəzində “YarAt: Güc, Zəriflik və İrs” adlı incəsənət sərgisi təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, sərgi Omar Atçılıq Klubunda Omar kuboku uğrunda yarış çərçivəsində nümayış olunub.

Belə ki, sərgidə qədim tarixdən bu günə qədər insan mədəniyyətində dərin iz buraxmış at obrazını müxtəlif bədii üslublarla təqdim edilib. Sərginin konsepsiyası, atın yalnız fiziki bir varlıq deyil, həm də azadlıq, güc, hərəkət, sədaqət və zərafət kimi dəyərlərin bədii simvolu olduğunu vurğulayır.

Turan Muxtarzadənin təşəbbüsü və kuratorluğu ilə reallaşan bu layihə çərçivəsində 34 istedadlı rəssam bir araya gələrək at mövzusunu fərqli texnika və yanaşmalarla 40-a yaxın rəngkarlıq əsərləri nümayış olunub.

Sərgidə əsərləri nümayiş olunan rəssamlar - Ayla Ağayeva, Gülhanə Ağayeva, Şəmirə Ağayeva, Mədinə Abdullayeva, Selvina Adıgözəlova, Sona Cabbarlı, Nəzrin Cavadlı, Kəmalə Əliyeva, Aynur Əliyeva, Nərmin Əhədli, Nərgiz Əliyeva, Gülnar Əliyeva, Səbinə Fəqani, Nəzrin Hüseynli, Jalə Hüseynova, Ləman Hüseynli, Nurşən Həsənli, Adilə Hüseynli, Nərmin İmanova, Sara İsmizadə, Səadət İsayeva, Aynişan Quliyeva, Nüşabə Qəndil, Fidan Mehdiyeva, Nəzrin Mustafazadə, Aysel Müslümova, Səbinə Məmmədli, Turan Muxtarzadə, Musa Niftəli, Reyhan Osmanova, Şahnaz Rəhimova, Əsma Səbzəliyeva, Fidan Vəliyeva və Ülviyyə Zeynalovadır.

Kolleksiya miniatür sənətindən tutmuş müasir abstrakt kompozisiyalara, mifoloji süjetlərdən realist portretlərə qədər geniş spektri əhatə edir və tamaşaçıya həm vizual, həm də mənəvi bir yolçuluq təklif edir. Əsərlər arasında köçəri mədəniyyətlərin qüdrətli atları ilə yanaşı, saray mədəniyyətinin incə cinsləri və onların daşıdığı simvolik mənalar da yer alır. “YarAt: Güc, Zəriflik və İrs” sərgisi həm ənənəni yaşadan, həm də çağdaş ifadə vasitələri ilə keçmişə yenidən baxan sənətkarların ortaq düşüncə platformasıdır. Bu sərgi vasitəsilə at obrazı bir daha sübut edir ki, o, yalnız keçmişin yadigarı deyil, bu gün də ruhumuzu və təsəvvürümüzü ilhamlandırmağa davam edir. Bütün sənətsevərlər, media nümayəndələri və mədəniyyət ictimaiyyəti sərginin açılışına dəvətlidir.

Qeyd edək ki, bu gün səhər saat 10:00-dan başlayan sərgi 18:00-a kimi davam edəcək. Giriş sərbəstdir.

Lamiyə Məmmədova

Fotolar: Pərvin Zeynal






















Chosen
15
2
qafqazinfo.az

3Sources