EN

287 nömrəli “Zəkalar” liseyində “Son zəng” tədbiri keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də 287 nömrəli “Zəkalar” liseyində “Son zəng” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, liseyin direktoru Aygün Əhmədli bu il liseyi 111 məzunun başa vurduğunu qeyd edib. O, liseyin uğurlarından danışaraq bildirib ki, bu günədək “Zəkalar” liseyindən 4 nəfər 700 bal toplayıb, 24 məzun Prezident təqaüdünə layiq görülüb: “Bu il də 7 şagird qızıl nişana təqdim olunub. Aygün Əhmədli lisey şagirdlərinin fənn müsabiqə və olimpiadalarda qazandıqları uğurlara da toxunub. Bildirilib ki, bu il Respublika Fənn Olimpiadalarında şagirdlər 3 qızıl medal və 1 birinci medal qazanıblar. Həmçinin Lütfi Zadə Olimpiadasında liseyin şagirdləri 1 qızıl və 2 bürün medala, Heydər Əliyevin 102 illik yubileyi münasibətilə keçirilən təqdimat müsabiqəsində isə bir şagird 3-cü yerə layiq görülüb. “Zəkaların mübarizəsi” yarışında şagirdlər Xətai rayonu üzrə 1-ci, respublika üzrə isə 2-ci yerin qalibi olublar”.

Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məzunları təbrik edərək bildirib ki, bu gün ölkəmizdə əvvəlki illərlə müqayisədə təhsil sahəsində unikal imkanlar mövcuddur: “Yeni təhsil müəssisələri açılır, əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar yaradılır. Hər birinizi ölkəmizin tərəqqisinə və inkişafına töhfə verməyə, təhsilinizi davam etdirərək əlavə bilik və bacarıqlar qazanmağa çağırıram. Bütün proseslərdə zəhməti olan pedaqoji heyəti ürəkdən təbrik edirəm. Ölkəmizdə istənilən sahənin inkişafında müəllimlərin rolu danılmazdır”.

Tədbirdə fərqlənən şagirdlər fəxri fərmanlar və mükafatlarla təltif olunublar. Məzunların ifasında musiqili nömrələr və rəqs kompozisiyaları tədbirə xüsusi rəng qatıb. Sonda ənənəvi olaraq son zəng çalınıb və şagirdlər təhsillərinin yeni mərhələsinə doğru yola salınıblar.

Qeyd edək ki, bu il respublika üzrə 113 min nəfərə yaxın şagird XI sinfi bitirir. Onlardan 54 min nəfərə yaxını qız, 58 min nəfərdən çoxu oğlandır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində XI sinifləri 33 min 517, XII sinifləri (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) isə 138 nəfər şagird başa vurur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəb rəhbərlərinə “Son zəng” tədbirləri zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Bu məqsədlə məktəb ərazilərində mühafizə gücləndirilib, müvafiq orqanlarla birgə təhlükəsizlik tədbirləri həyata keçirilib.

Chosen
26
azertag.az

1Sources