EN

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

Müasir dövrün iş dünyasında “təhlükəsiz iş yeri” anlayışı demək olar ki, tarixə qovuşub. Artıq tək bir diplom və sabit bir işlə uzun illər yol getmək nadir hal alıb. Əvəzində isə insanlar karyeralarını daha çevik, müstəqil və şəxsi məqsədlərə uyğun şəkildə formalaşdırmaq istəyirlər. Məhz bu məqamda otonom (müstəqil) karyera anlayışı ön plana çıxır.

Valyuta.az-ın təqdim etdiyi 10 qızıl qayda, karyeranı başqasının deyil, özünüzün idarə etməyiniz üçün bir yol xəritəsidir.

Əgər başqalarının gözləntilərinə uyğun yaşamaqdan yorulmusunuzsa, qərar vermək və yola çıxmaq zamanıdır. 

Həyatınıza və karyeranıza dair bir vizyonla başlayın

Bu vizyon zamanla dəyişə bilər və dəyişəcək də, amma hər bir halda plansız yaşamaqdan və ya başqalarının sizin üçün qurduğu planlarla irəliləməkdənsə, öz yolunuzu özünüz müəyyənləşdirib onunla getmək daha doğrudur.

Əgər maliyyə ehtiyacına görə ideal karyera yolunuzu seçə bilmirsinizsə, o zaman yalnız dolanışıq üçün bir iş tapın

Aşağı səviyyəli bir işdə işləməyiniz sizi aşağı səviyyəli biri etmir və daha yaxşı bir iş üçün kiminsə qarşısında baş əyməli olduğunuz anlamına gəlmir.

Karyeranızda atdığınız hər yeni addımı özünüz müəyyənləşdirin

“Bu şirkətdə yüksək mövqelərə çata bilərsən” deyən müdirinizə inanmayın. Bu cür boş vədlərlə vaxt itirməyin. İrəliləyişinizi daim özünüz nəzarətdə saxlayın və artıq dözülməz həddə çatdığınız yerdən uzaqlaşmağı bilin!

Özünüzü tanıyın

Bir çox insan peşəkar həyatda nə edəcəyini başqalarının deməsinə ehtiyac duyur. Əgər müstəqil bir karyera istəyirsinizsə, əvvəlcə özünüzə qarşı dürüst olmalı və aynaya baxmalısınız. Keçmişdə etdiyiniz səhvlərə görə özünüzü günahlandırmaq lazım deyil, təcrübədən nəticə çıxaranda həmin səhvi bir daha təkrarlamaq çətinləşir.

Yeni bir işə başlayırsınızsa, yalnız o işi sevdiyiniz üçün başlayın

Bərbəzəkli vəzifə adları və ya yüksək maaşlar sizi cəlb etməsin. Çox vaxt parlaq görünən işlərin içi boş olur və sizdə ikrah yarada bilər. Ən əvvəl öz daxili səsinizi dinləyin.

Böyük bir şirkətdə, kiçik bir startapda və ya özünüz üçün işləyə bilərsiniz 

Nə olursa-olsun, öz karyeranızın direktoru və məsləhətçisi sizsiniz. Aldığınız maaş sadəcə bir detaldır. 

Öz adınıza bir vizit kart düzəltdirin və hələ hazır olmadığınızı düşünsəniz belə, özünüzü problemləri həll edən bir məsləhətçi kimi düşünün

İnsanlara patronunuzun verdiyi vizit kartı yox, özünüzün düzəltdiyi vizit kartı verin. Yeni doğulmaqda olan konsultasiya işiniz üçün plan hazırlayın. Hansı xidmətləri göstərəcəksiniz? Müştərilər üçün hansı problemləri həll edəcəksiniz? Bu xidmətlər üçün nə qədər ödəniş alacaqsınız?

Bir dəftər götürün və hər gün, ya da nə qədər tez-tez yaza bilirsinizsə, ora yazın 

Karyeranız və həyatınızla bağlı planlarınızı qeyd edin. Məqsədlərinizi, çətinliklərinizi, hisslərinizi, arzularınızı və ideyalarınızı yazın. Siz inanılmaz bir şey qurursunuz. Onu beyninizdə saxlamayın, yazın, qeyd edin.

Zaman keçirdiyiniz insanları diqqətlə seçin 

Zaman sizin ən qiymətli resursunuzdur. İçinizdəki istəyi alovlandıran insanlarla daha çox vaxt keçirin və enerjinizi tükədən insanlardan uzaq durun.

Daxili səsinizi tapın və özünüzü müdafiə edin

Uğurlu insanlar çox vaxt etirazlarla, neqativ yanaşmalarla qarşılaşmalı və uyğunlaşa bilmədikləri yerləri tərk etməli olurlar. Hər kəsi razı salmağa çalışaraq uğur qazana bilməzsiniz. Nə düşündüyünüzü və nə hiss etdiyinizi açıq şəkildə dilə gətirin. Bu, bəzilərinin xoşuna gəlməyə bilər. Hətta bir-iki dəfə işdən çıxarıla bilərsiniz. Amma bu dünyanın sonu deyil, əksinə, sizi daha da gücləndirə bilər.

Həyatınızın hər ilini, ayını, dəqiqəsini necə keçirəcəyinizə siz qərar verə bilərsiniz. Gəminizin sükanını kimə verəcəyinizə və nə vaxt özünüz sükan arxasına keçəcəyiniz sizdən asılıdır.

Günay

Chosen
17
valyuta.az

1Sources