EN

Bakıda avtomobillər binanın həyətində təhlükəli vəziyyət yaradıb —ŞİKAYƏT

Xətai rayonunda – Babək prospekti ilə Neapol küçələrini birləşdirən Məzahir Rüstəmov küçəsində yerləşən 9 mərtəbəli binanın sakinləri avtomobillərin yüksək sürətlə binanın həyətindən keçmələrindən şikayətçidilər. 

Demokrat.az xəbər verir ki, sakinlərin şikayətinə aidiyyəti qurumlar tərəfindən reaksiya verilmədiyi üçün onlar məcbur qalaraq “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynova ərizə yazıblar.

Sakinlərin dediyinə görə, şikayətləri nəqliyyat vasitələri tərəfindən binanın həyətinin sürətli hərəkət zolağına çevrilməsidir:

“Məzahir Rüstəmov küçəsinin Neapol küçəsinə yaxın olan sonunda 31 saylı 8 bloklu və 9 mərtəbəli bina yerləşir. Küçənin sonundan Neapol dairəsinə tərəf getmək istəyən bütün nəqliyyat vasitələri, gün ərzində onların sayı 1500-1700 həddində olur, bu binanın həyətindəki asfalt zolaqla böyük sürətlə hərəkət edib sola dönür və digər binaların arasından keçərək Lütfizadə küçəsinə, oradan isə Neapol dairəsinə yönəlirlər. Buna səbəb Babək prospektindən, Məzahir Rüstəmov və Sarayevo küçələrindən gələn avtomobillərin yolda 2-3 işıqforun olması və M.Rüstəmov küçəsinin sonundan sola - Neapol dairəsinə tərəf hərəkətin qadağan edilməsidir, sürücülər məcburən sağa dönməli, 1 km-dən artıq məsafə qət edib Ukrayna meydanına çatmalı, orada dairənin ətrafına fırlanıb yenə 1 km məsafəni qət edib Neapol dairəsinə çatmalıdırlar”.

Şikayətdə bildirilir ki, binanın həyətindən yüksək surətlə hərəkət edən avtomobillər sakinlər üçün təhlükə yaradırlar və dəfələrlə piyadaların vurulması halları baş verib.  




Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
11
1
demokrat.az

2Sources