EN

Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

- qazın topdansatış tarifləri;

- qazın nəqli tarifləri;

- qazın saxlanması xidmətlərinin tarifləri;

- qazın paylanması tarifləri;

- istehlakçılara qazın pərakəndə satış tarifləri;

- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;

- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;

- sabit tarif.

Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Chosen
4
49
cebheinfo.az

10Sources