BAKI, 13 iyun. TELEQRAF
Milli Məclisdə “Qaz təchizatı haqqında” Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, 2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.
Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılar olacaq:
- qazın topdansatış tarifləri- qazın nəqli tarifləri;
- qazın saxlanması xidmətlərinin tarifləri;
- qazın paylanması tarifləri (2027-ci il yanvarın 1-dən qüvvəyə minir);
- istehlakçılara qazın pərakəndə satış tarifləri;
- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
- sabit tarif.
Qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi sabit tarif hesab ediləcək.
Qazın paylanması tarifləri 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək, digər tariflər isə bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Bunlar nəzərə alınmaqla tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdə tutulan qaydalara uyğun olaraq hesablanacaq.
2028-ci il iyulun 1-dən qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.
Qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək.
Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
Qaz nəqli sistem operatorunun (qazın nəqlini həyata keçirən hüquqi şəxs) vəzifələri müəyyənləşir.
Sənəddə qeyd olunur ki, qazın nəqli qaz nəqli sistem operatoru tərəfindən həyata keçirilir.
Qaz nəqli sistem operatoru qazın nəqlinə verilmiş icazə əsasında fəaliyyət göstərir.
Qaz nəqli sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
- qazın nəqli şəbəkəsinin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın nəqli xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
- qazın nəqli şəbəkəsinin dispetçer idarəetməsini təmin etmək;
- qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları bu qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq, tənzimləyiciyə təqdim etmək;
- bu qanunun 15.3-cü maddəsi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və bu qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu qanunun 13.6-cı maddəsinin tələblərinə uyğun olaraq);
- nəql etdiyi qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- qazın nəqli şəbəkəsində baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
- qazın idxalı üçün infrastruktur yaratmaq.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.