EN

“Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib




15 iyun-Milli Qurtuluş Günü Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli kitabxana fililalının təşkilatçılığı ilə “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib. Tədbirin aparıcısı Səbail MKS-in 1 nömrəli kitabxana sisteminin baş kitabxanaçısı, “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova qonaqları salamlayaraq öncəliklə Azərbaycanımızın xilaskarı, müstəqil dövlətimizin qurucusu, dahi şəxsiyyət ümumilli lider Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra Ulu Öndərin Azərbaycanımız naminə xidmətlərindən bəhs edən qısa videofilm nümayiş olunub.

Film nümayişindən sonra Susana Məmmədova çıxış edərək qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan dövlətinin çiçəklənməsi, inkişaf etməsi istiqamətində gördüyü işlərdən danışmaq onun üçün bir qədər çətindir. Çünki tədbirdə iştirak edən qonaqların əksəriyyəti Ulu Öndərlə müxttəlif tədbirlərdə, toplantılarda yaxından təmasda olmuş, Heydər Əliyev məktəbində yer almış insanlardır və onlar Ulu Öndər haqqında daha çox məlumatlıdırlar:

“Buna baxmayaraq bir neçə kəlmə mən də qeyd etmək istərdim. Belə ki, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə problemlərdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi”.

Susana Məmmədova deyib ki, Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi:

“Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycan Xalqının Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi, 1997-ci ildən etibarən isə rəsmi bayram olaraq qeyd edilir”.

Tədbirdə çıxış edən, sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, vaxtı ilə Heydər Əliyev komandasında yer almış Fikrət Yusifov ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı, çiçəklənməsi istiqamətindəki xidmətlərindən danışıb. Sabiq nazir ümummilli liderlə eyni komandada çalışmaqdan məmnun olduğunu vurğulayıb və Heydər Əliyev siyasi təcrübəsi, bilik və bacarıqlarından çox şey öyrəndiyini diqqətə çatdırıb. Fikrət Yusifov bildirib ki, Heydər Əliyevlə hələ ümummilli lider Naxçıvanda olarkən görüşüb və maraqlı söhbətlər aparıb:

“Heydər Əliyev Naxçıvanda olarkən mən şəxsi təşəbbüsümlə, öz istəyimlə Muxtar Respublikaya getdim və Ulu Öndərlə bir neçə saatlıq görüşüm oldu. Respublikadakı vəziyyət, Azərbaycanın gələcəyi, mövcud olan problemlər və onların həlli ilə bağlı Heydər Əliyevin fikirlərini öyrənmək mənim üçün maraqlı idi. Həmin görüşdə mən Heydər Əliyevdən xahiş etdim ki, Siz Bakıya gəlib ölkəyə rəhbərlik etməlisiniz. Yaxşı xatirimdədir ki, Ulu Öndər cavabında belə bir fikir söylədi. “Mən mütləq qayıdacam”.

Sabiq nazir deyib ki, 1993-cü il, iyunun ölkəni bürüyən xaos, anarxiya, vətəndaş müharibəsinin qarşısını yalnız Ulu Öndər ala bilərdi və O da xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı bu təhlükələrdən, parçalanmadan xilas etdi:

“Heydər Əliyevin yenidən siyasi halkimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi sabitlik bərqərar olunmaqla yanaşı, iqtisadi inkişafa da zəmin yarandı. Tezliklə iqtisadi sahədə atılan məqsədyönlü addımlar, həyata keçirilən tədbirlər Ümumi Daxili Məhsulun artmasına, dövlət büdcəsində əsaslı artımın qeydə alınmasına rəvac verdi:

“Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu günkü inkişaf və tərəqqi, Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanmış “Əsrin müqaviləsi” dayanır”.

Siyasi şərhçi, Milli Məclisin deputatı Günay Ağamalının köməkçisi Pərviz Mirizadə Heydər Əliyevin uzaqgörən siyasəti, diplomatik gedişləri, regional və beynəlxalq məsələlərə olan yanaşmalarından danışıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra cəbhə xəttində əldə edilən dönüş və qazanılan uğurlar Ermənistanı atəşkəs müqaviləsi imzalamağa məcbur etdi. Pərviz Mirizadə onu da qeyd edib ki, atəşkəs müqaviləsinin imzalanması ilə regionda nisbi sabitliyin yaranması xarici sərmayədarların Cənubi Qafqaza, xüsusən də Azərbaycana gəlməsinı yol açdı:

“Nəticə etibarilə “Əsrin müqaviıəsi” imzalandı. Bununla da Azərbaycan öz sürətli inkişaf dövrünə qədəm qoydu”. Pərviz Mirizadə Heydər Əliyev siyasətinin bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Politoloq, ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Heydər Əliyev uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurlar, qazandiği diplomatik nailiyyətlərdən danışıb. Bildirib ki, Heydər Əliyev daxili siyasi sabitliyi də təmin etmiş oldu:

“Daxili siyasi sabitliyin bərqərar olması öz növbəsində sosial-iqtisadi inkişafa zəmin yaratdı. Bu gün iqtisadi və sosial sahədə əldə edilən uğurlar, qazanılan nailiyyətlər məhz Heydər Əliyevin vaxtı ilə həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni hədəflərə doğru istiqamət götürür”.

“Azərbaycan-Amerika Gəncləri” ictimai birliyinin sədri Vüqar Əhmədov Heydər Əliyevin gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli liderin hakimiyyəti dövründə gənclərə böyük diqqət və qayğı göstərilib, onlar hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunub. Onun sözlərinə görə, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi, 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə atılan addımlar, imzalanan fərman və sərəncamlar deyilənlərin sübutudur.

Vüqar Əhmədov Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın beynəlxalq münasibətlər sisteminin də yüksələn xətlə inkişaf etdiyini, Bakının Avropada, Qərbdə özünə yaxın tərəfdaşlar tapdığını vurğulayıb. Bildirib ki, məhz zamanında həyata keçirilən uğurlu xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə yeri və rolunun artmasında, möhkəmlənmısində əsas rol oynayır.

“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” ictimai birliyinin sədri Fuad Hüseynzadə Ulu Öndərin diaspora siyasəti, bu istiqamətdə atdığı addımlardan danışıb. Bildirib ki, hələ sovetlərin zamanında Heydər Əliyev keçmiş ittifaq ölkələriin ali təhsil müəssisələrinə azərbaycanlı gəncləri təhsil almaq üçün göndərməsi ilə bu istiqamətdə addımlar atmış oldu:

“Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra da hər bir sahə kimi diaspor sahəsini diqqətdə saxladı, bu istiqamətə xüsusi diqqət yetirdi. Ümummilli liderin iştirakı ilə Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi bunun əyani sübutu idi. Ulu öndər dövlət başçısı kimi xarici səfərləri zamanı da vaxtının az olmasına baxmayaraq həmin ölkələrdə olan Azərbaycan diaspor nümayəndələri, orada təhsil alan tələbələrlə görüşür, özünün dəyərli məsləhətlərini verirdi. Bu məqamın özü də Heydər Əliyevin diaspora sahəsinə nə qədər ciddi diqqət yetirdiyinin sübutu idi”.

Fuad Hüseynzadə məhz bu siyasət sahəsində tədricən xarici ölkələrdə güclü Azərbaycan diasporunun formalaşdığını diqqətə çatdırıb. Günümüzdə də diaspor sahəsinin dövlətin, dövlət başçısının əsas diqqət mərkəzində olduğunu deyən Fuad Hüseynzadə, “Sonrakı illərdə Dünya Azərbaycanlılarının növbəti qurultaylarının keçirilməsi, ən son Şuşada soydaşlarımızın bir araya gəlməsi deyilənlərin əyani sübutudur”,-deyə söyləyib.

Əməkdar jurnalist, “Təhsilə Dəstək və Marifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli peşə fəaliyyəti ilə bağlı Heydər Əliyevlə olan təmasları, Onunla birgə iştirak etdiyi səfərlər, tədbirlər barədə xatirələrini bölüşüb. Bildirib ki, Heydər Əliyev hər zaman mətbuata diqqətlə, qayğı ilə yanaşıb:

“Ümummilli liderlə səfərlərimiz zamanı hər zaman media nümayəndələri səfər edilən yerlərdə ən yaxşı, ən gözəl şəraiti olan məkanlarda, istirahət mərkəzlərində yerləşdirilib. Səfər müddətində jurnalistlər üçün ən yüksək səviyyədə xidmət göstərilib”.

Süleyman İsmayılbəyli onu da deyib ki, Heydər Əliyev mətbuat arasında iqtidar-müxalifət seçimi etmıəz, hər bir media nümayəndəsinə eyni yanaşma, davranış göstərərdi:

“Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının ilk illərindən, elə ondan sonrakı illərdə də “Azadlıq” və “Yeni Müsavat” qəzetləri Ulu öndərin siyasətini haqsız olaraq kəsin formada tənqid edir, hətta bu qəzetlərin yazılarında bir sıra hallarda ümummilli liderə qarşı təhqiredici ifadələr də yer alırdı. Bütün bunlara baxmayaraq Heydər Əliyev səfərləri zamanı hər iki mətbu orqanın nümayəndəsini də özü ilə aparırdı”.

Sonda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri bir-birindən maraqlı ifaları, eləcə də Bakı şəhər 23 və 83 saylı məktəbin şagirdləri Azərbaycana aid şerləri ilə tədbirə xüsusi rəng qatdılar. Hər iki təhsil müəssisəsinin şagirdlərinə tədbirdə fəal iştiraklarına görə kitabxana tərəfindən diplom təqdim edilib.



Anar Əliyev
Chosen
42
2
newscenter.az

3Sources