EN

İdris İsayev AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak edib

Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, bp şirkəti və Azərbaycan Texniki Universitetinin (AzTU) maliyyə dəstəyi ilə AzTU-da beynəlxalq standartlar səviyyəsində qurulan Kitabxana İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, rəmzi lent kəsildikdən sonra Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva qonaqlara mərkəzdə yaradılan imkanlar haqqında məlumat verib. Bildirib ki, iki mərtəbədən ibarət olan və beynəlxalq standartlara cavab verən kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərəcək.

Mərkəzlə tanışlıqdan sonra açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək bildirib ki, AzTU-da beynəlxalq səviyyəli Kitabxana İnformasiya Mərkəzinin qurulması həm təhsil, həm də tələbələr üçün böyük töhfədir. Hər zaman sosial layihələr icra edən bp şirkəti bu cür fəaliyyətlərlə təkcə təhsilə yatırım etmir, həmçinin beynəxalq təcrübəni Azərbaycan təhsilinə gətirir.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz təhsil, elm və kitabxanaların diqqətdə saxlanmasının hər zaman şirkətin sosial investisiya layihələrinin mərkəzində olduğunu vurğulayıb. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova AzTU ailəsini yeni və proqressiv Kitabxana İnformasiya Mərkəzinin açılışı münasibətilə təbrik edib, həmçinin Azərbaycan təhsili üçün etdiyi sosial investisiyalara görə bp şirkətinin rəhbərliyinə təşəkkür edib.

Millət vəkili Fariz İsmayılzadə isə çıxışında AzTU və bp şirkətinin birgə işini sənaye-təhsil, şirkət-universitet əməkdaşlığının ən gözəl nümunələrindən biri kimi dəyərləndirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz növbəsində təhsil sahəsində həyata keçirilmiş bütün innovativ layihələrdə AzTU və onun rəhbərliyinin dəstəyini xüsusi vurğulayıb və yeni qurulmuş Kitabxana İnformasiya Mərkəzinin də tələbələrə faydalı olacağını bildirib.

AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq bildirib ki, uzun müddətdir, bp şirkəti ilə aparılan sosial layihələrin müzakirəsində diqqət daha çox beynəlxalq səviyyəli və rəqəmsal imkanları olan kitabxananın formalaşdırılmasına yönəlib. Rektor yenilənmiş Kitabxana İnformasiya Mərkəzinin qurulmasında kitabxana əməkdaşlarına və bütün AzTU ailəsinə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, AzTU Kitabxana İnformasiya Mərkəzi yerli ixtisasçılar tərəfindən ölkədə yaradılmış ilk tam beynəlxalq infrastrukturlu kitabxanadır.

 

 

 

 

 

Chosen
35
tehsil.biz

1Sources