"Football-plus.az" xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi İsmayıl İbrahimli jurnalistlərə deyib. O, millimizin Macarıstana 1:2 hesabı ilə uduzduğu yoxlama görüşünü belə şərh edib:
“Rəqibin güclü olduğu məlumdu. Macarıstan yığmasının heyətində ulduz futbolçular var. Buna baxmayaraq, yaxşı mübarizə apardıq, sonadək əlimizdən gələni etdik. Məğlub olmaya bilərdik. Təəssüf ki, matçın sonlarında əlimizdə düşən qol fürsətlərini dəyərləndirə bilmədik”.
İbrahimli millimizin baş məşqçisi Fernando Santuş barədə müsbət fikirlər səsləndirib:
“Santuşun öz oyun fəlsəfəsi var. Hər zaman bizi qələbəyə kökləyir. Qarşıdan DÇ-2026-nın seçmə mərhələ oyunları gəlir. Qrupdakı rəqiblərimiz çox güclüdülər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.
27 yaşlı futbolçu “Zirə”nin başa çatmaqda olan mövsümdəki çıxışını da dəyərləndirib:
“Mövsümü ikinci pillədə başa vurduq. Bu, yaxşı nəticədi. Konfrans Liqasında çıxış edəcəyik. Püşkatmadan çox şey asılıdı. Komandanın turnirdəki perspektivi barədə püşkatmadan sonra danışmaq olar. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.