Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev sərt açıqlamalar verərək, ölkədə qeyri-qanuni yaşayan miqrantların olmaması gərəkdiyini deyib.
Nazir Kolokoltsev bildirib ki, küçələrdə və yaşayış məntəqələrində qeyri-qanuni miqrant olmamalıdır və Rusiya cəmiyyətinə faydası olmayan xarici vətəndaşlar ölkəni tərk etməlidir.
Kolokoltsev miqrasiya idarələri qarşısındakı sıx izdihamlara da təpki göstərib. Bu vəziyyətin idarəçilikdə nöqsanları göstərdiyini və yerli əhalidə mənfi reaksiyalara səbəb olduğunu deyən nazir, belə vəziyyətlərin qarşısının alınacağını vurğulayıb.
Nazirliyin sözçüsü İrina Volkun isə Telegram kanalında verdiyi açıqlamada “arzuolunmaz” kateqoriyasına daxil olan miqrantları aşağıdakı kimi sıralayıb:
İşini itirənlər, universitetdən xaric edilən tələbələr, barmaq izi üçün qeydiyyatdan keçməyənlər, rus dili təhsili almayanlar, Rusiya cəmiyyətinə töhfə verməyən şəxslər...
Bu bəyanatlar Rusiyanın son vaxtlar artan miqrasiya nəzarəti siyasətinin daha da sərtləşəcəyinə işarə kimi şərh edilir. Xüsusilə Crocus City Hall hücumundan sonra miqrasiya siyasətini sərtləşdirən Rusiya yeni qaydalarla ölkədəki əcnəbilərin izlənilməsini asanlaşdırmağı hədəfləyir.
İnsan haqları təşkilatları bu cür təcrübələrin əsas insan hüquqlarını pozmaması barədə xəbərdarlıqlar edir. Rusiyalı iqtisadçılar isə ölkənin əmək bazarında miqrantların mühüm yer tutduğunu və sərt siyasətin iqtisadiyyata mənfi təsir göstərə biləcəyini bildirirlər.
TAHİR