EN

Komitə sədri: Bəzi evlər qaz və elektrik xəttlərinin yaxınlığında tikilib

BAKI, 12 iyun. TELEQRAF

"Bəzi evlər qaz və elektrik xəttlərinin yaxınlığında tikilib, buna da görə də onların sənədləşdirilməsi mümkün deyil".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov komitənin iclasında deyib.

O bildirib ki, bundan başqa, bəzi evlər bələdiyyə torpaqlarında mənzillər tikilib ki, bunun da sənədləşdirmək çətin prosesdir:

"Nazirlər Kabinetinin torpağın kateqoriyası ilə bağlı qərarı var. Evlərin böyük hissəsi kənd təsərrüfatına aid olan torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir. Həmin vətəndaşlar bələdiyyələrə əmlak, torpaq vergisi verməlidir. Vermirlər və buna görə bədəliyyənin büdcəsinin formalaşmasında problemlər yaranır. O evlərin kateqoriyasını dəyişmək lazımdır. Bunun dəyişməsi ilə bağlı isə 6-7 nazirlikdən icazələr alınmalıdır. Bu, çox uzun prosesdir. Həmçinin evlərin böyük hissəsi neft sahəsindədir. SOCAR-a aid ərazilərdir. Gərək SOCAR xüsusi məktub verə və onun əsasında mənzillər özəlləşdirilsin. Həmçinin qaz və elektrik xəttlərinin altında, yaxınlığında, eyni zamanda qatar yollarının ətrafında evlər tikilir. Hansı ki, bu qanunla qadağandır. Əmlak Məsələləri Dövlət Xidməti ilə bu məsələləri də müzakirə etmişik. Onlar da çətin durumdadır. Söhbət tək bir sənədin verilməsindən getmir".

Qeyd edək ki, deputatı Arzuxan Əlizadə sözügedən komitənin iclasında bir müddət əvvəl Sabunçuda subasma nəticəsində xeyli mənzilə ziyan dəyməsini xatırladıb:

O bildirib ki, onların heç birinin sənədi yoxdur, vətəndaşlar çox ciddi zərər görüblər:

"Neft olan ərazidə yerləşdiyindən zərərli suların evlərə dolması nəticəsində əksəriyyətində yaşamaq belə mümkün deyil. O vətəndaşlara hansısa formada dəstək olmaq imkanından məhrumuq, çünki sənədləri yoxdur. "Balaxanıneftin" rəhbəri ilə əlaqə saxlamağa çalışdım, telefonlarıma cavab vermədi, müavini dedi ki, rəisimi çox az hallarda görürəm. Bu məsələdə insanlara yadım etməliyik".

Chosen
57
teleqraf.com

1Sources