Ukrayna pilotsuz təyyarələri Rusiya aerodromlarına hücum etdikdən sonra Rusiya ən qiymətli hərbi təyyarəsini Ukraynadan çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Məlumata görə, ruslar iki Tu-160 strateji bombardmançı təyyarəsini cəbhə xəttindən 4000 mil (təxminən 6437 kilometr) uzaq “Anadır” aviabazasına köçürüb.
Maraqlıdır ki, ona yalnız hava və dəniz yolu ilə çatmaq olar, bunu peyk görüntüləri sübut edir. Nəşr qeyd edir ki, bu aerodrom Alyaskadan təqribən 660 km məsafədə, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. O, Soyuq Müharibə dövründə - Rusiyanı Amerika Birləşmiş Ştatlarının potensial hücumlarından qorumaq üçün yaradılıb.
"Tu-160 səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən B-52 Stratofortress təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir", - müəlliflər vurğulayıblar.