Əli Əlirzayev: “Naxçıvanda emal müəssisələrinin çoxu bağlanıb”
Bu ilin ilk rübü ərzində Azərbaycanda 23 min 386 yeni iş yeri açılıb. İlin ilk rübü ərzində yeni açılan iş yerlərinin 74,5%-i və ya 17 min 394-ü Bakı şəhərinin payına düşüb.
Ancaq diqqəti çəkən məqam odur ki, bu ilin ilk rübündə Naxçıvanın 4 rayonunda - Culfa, Kəngərli, Ordubad, Şahbuzda yeni iş yeri açılmayıb.
2022-ci ilin dekabrında Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən gedəndə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı böyük gözləntilər var idi. Hamı düşünürdü ki, onun gedişi Muxtar Respublikada iqtisadi-sosial vəziyyəti dəyişəcək. Regionda işgüzar vəziyyət, biznes mühiti yaxşılaşacaq və bütün bunlar daha çox sərmayə qoyuluşuna şərait yaradacaq. Bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.
Maraqlıdır, bütün bu gözləntilər niyə doğrulmadı? Ötən iki il yarımda bu nədir? Axı gözləntilər belə deyildi.
“Əhalinin məşğulluğuna istiqamət verən yoxdur, tənzimləmə işi yox səviyyəsindədir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında Naxçıvanla bağlı gözləntilərin özünü doğrultmamasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi onunla bağlıdır ki, Naxçıvan blokada şəraitindədir. Üstəlik, quru sərhədlərin bağlı olması iqtisadi-ticari və sosial vəziyyətə mənfi təsir edir. Nəticədə xırda sahibkarlıq, biznes mühiti inkişaf etmir. Naxçıvanda məşğulluğun əsas lokomotivi özəl sektordur. Bu da məşğulluğun inkişafı deməkdir. Bu isə məhsul istehsalından, onun bazara çıxarılmasından, satılmasından ibarətdir. Bunun üçün bazara çıxış olmalıdır, xarici ölkələrlə əlaqələr olmalıdır. Bütün bunlar əhəmiyyətli dərəcədə azalıb. İranla, Türkiyə ilə sərbəst quru əlaqələri yoxdur. Yalnız böyük imkanlara, əlaqələrə malik olan sahibkarlar bundan istifadə edə bilir. Ayrı-ayrı kiçik sahibkarlar bu əlaqələrdən istifadə edə bilmirlər. Başlıca səbəb bununla bağlıdır. İkinci səbəb, Naxçıvan iqtisadiyyatı əsasən təbii sərvətlərə, kənd təsərrüfatına bağlıdır. Bu sahələrin də inkişafında dövlət tənzimləmələri aşağıdır. Əvvəllər proteksionizm (himayəçilik) siyasəti var idi və bununla tənzimlənirdi. İndi bu yox səviyyəsindədir. Naxçıvanda müəyyən sahələrin inkişafında dövlət qayğısına, tənzimlənməsinə ehtiyac var. Naxçıvana ayrılan dotasiyalar azalır. Sərmayə qoyuluşu mərkəzləşmiş institutlar hesabına olmalıdır. Xarici investorların Naxçıvana cəlbi çətin məsələdir. Çünki xarici investor gələndə öz məhsullarını xaricə çıxarmalıdır. Blokada şəraitində bunu etmək çətin məsələdir. Bir sözlə, Naxçıvanda investisiya mənbələri məhdud olduğu üçün yeni iş yerləri açılmır. Üçüncüsü, Naxçıvan əhalisinin məşğulluğuna istiqamət verən yoxdur, tənzimləmə işi yox səviyyəsindədir. Bir vaxtlar Culfa, Kəngərli, Ordubad, Şahbuz rayonlarında üzümçülük mühüm çəkiyə malik idi. İndi bu yoxdur. Əsasən taxılçılıqla yemçilikdir, bunların da suvarılması problemdir. Əvvəllər suvarma sisteminə mərkəzləşmiş formada bir nəzarət var idi. İnzibati qaydada əvvəlki rəhbərlik nəzarət edirdi. İndi Naxçıvanda bu yoxdur. Nəzərə alınmır ki, hansı fermerlərin, sahibkarların suya ehtiyacı var. Kimin imkanı var, sudan daha çox istifadə edir. Yuxarı kəndlər sudan istifadə edir, aşağı kəndlər qalır. Bu səbəbdən özünüməşğulluq çox aşağıdır. Naxçıvandan cavanların işsizlik üzündən böyük şəhərlərə axını var. Ona görə də Naxçıvanın iqtisadi inkişafı üçün himayəçilik siyasəti daha güclü olmalıdır. Naxçıvanda su ehtiyatlarının yaradılması üçün yeni anbarlara ehtiyac var. Suyun paylanmasına nəzarət olmalıdır. O cümlədən, digər tədbirlər görülməlidir. Yerli əhali deyir ki, əvvəlki rəhbərlik dövründə vəziyyət indikindən yaxşı idi. Heç olmasa müəyyən inzibati nəzarət hesabına hansısa işlər görülürdü. Naxçıvanda emal müəssisələrinin çoxu bağlanıb. Elə sahələr var ki, o sahələr ənənəvidir. Tikinti materiallarının istehsal və emalı xeyli aşağı düşüb. Halbuki, bu sahələr həm də əmək tutumludur. Bu sahələrdə sahibkarların fəaliyyəti xeyli zəifləyib. Ona görə də Naxçıvanla bağlı strateji planlaşma olmalıdır, dövlət sifarişləri hesabına tikinti materealları alınmalıdır. Naxçıvanın təbii sərvəti çoxdur”.
Vidadi ORDAHALLI