EN

Qarabağ separatçılarının əli Şahramanyandan da, yeni " liderdən" də üzüldü...


Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının İrəvanda mövqeyini gücləndirmək cəhdlərindən ciddi narahatlıq ifadə etməkdədir. Nikol Paşinyan daha əvvəl də Ermənistanda fəaliyyətini davam etdirən separatçı “Qarabağ hərəkatı”na qarşı çıxıb. Ermənistan baş naziri “hərəkat”ın öz fəaliyyətini dayandırmalı olduğunu bildirib.

Amma indiyə qədər bu istiqamətdə əməli addım atmağa da tələsməyib. Elə bu da Paşinyan və ümumən Ermənistan üçün ciddi problemlər yaradır.

“Qraparak” qəzeti bu fonda yazır ki, Ermənistan hökumətinin intensiv təzyiqi nəticəsində ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən “prezidentliyə namizəd” olmaqdan imtina edib. Bu barədə məlumat yayıb. Qeyd edilir ki, İrəvanda fəaliyyət göstərən qondarma qurum “prezident seçkiləri” üçün müəyyən edilmiş müddəti qaçırıb, 31 may son tarix idi. S.Şahramanyanın “səlahiyyət müddəti” mayın 21-də başa çatıb. Bundan sonra qondarma qurumun “parlamenti” mayın 27-dək “yeni namizəd” irəli sürməli idi, amma nəşrin iddiasına görə, Nikol Paşinyan hökuməti buna imkan verməyib. “Qraparak” qeyd edir ki, Şahramanyandan əllərini çəkən separatçılar “yeni namizəd” axtarışında olsalar da, Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən heç kim bu mənasız işin altına girmək istəmir: “Düzdür, separatçılar Şahramanyandan əllərini üzüblər, çünki hökumət ona birbaşa mətnlə “seçildikdən”5 il sonra Sünikdə baş verən hər hansı bir prosesin təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacağı barədə xəbərdarlıq edib”. Nəşrin yazdığına görə, baş nazir Nikol Paşinyanın təhdidlərini Şahramanyan və digər separatçılara çatdıran Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır. Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan daha əvvəl separatçıların İrəvandakı fəaliyyətlərinə etiraz edib. Spiker bu cür fəaliyyətlərə Azərbaycandan adekvat cavabların olduğunu söyləyib: “Qarabağ təmsilçiləri özlərinə “yeni prezident” seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın bəyanatlarını eşidirik. Qarabağın nümayəndələri “parlament sədri” seçirlər, Azərbaycan isə bəyan edir ki, mən də gələcəyəm, girəcəyəm və Qərbi Azərbaycanı quracağam”. Simonyan vurğulayıb ki, bu bəyanatlar separatçıların atdığı addımlara Azərbaycanın “güzgü cavabı”dır. İndi hesab olunur ki, Qarabağ separatçılarının Ermənistanda fəaliyyətinə son verilməsə, qarşı tərəfi daha böyük problemlər gözləyir. Lakin o da faktdır ki, Ermənistanın yanaşmalarından asılı olamayaraq, Qərbi Azərbaycan məsələsi həllini tapacaq. Ermənistandan tarixin müəyyən dövrlərində çıxarılmış azərbaycanlıların geri ata-babalarının torpağına qaytarılması bu gün Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biridir. Azərbaycan bu məqsədin həyata keçirilməsi üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi iş aparır. Qərbi Azərbaycan İcmasının hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birliyinin apardığı işi buna misal göstərmək olar.

Xatırladaq ki, hələ bu ilin yanvarında Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə xidmətin İrəvan üçün görəcəyi riskləri təqdim edən ilk açıq hesabatını dərc edib. Ermənistan xarici kəşfiyyatına görə, bu il Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi hücumu ehtimalı yüksək deyil. Lakin qurum əlavə edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə sülhün və diplomatik münasibətlərin qurulmaması dövlətlərarası münasibətlərin gərgin saxlanılması üçün real risk yaradır. Üstəlik, xidmət Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib. Yəni ermənilərin Xarici Kəşfiyyat Xidməti həm sülh və diplomatik münasibətlərdən danışır, həm Azərbaycanın Ermənistana hücum edəcəyini hesab etmir. Lakin bununla yanaşı, ziddiyyətli mövqe sərgiləyərək etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını hərbi-siyasi risk kimi təqdim edir. Təbii ki, Azərbaycanın başqa ölkələrin ərazisində gözü yoxdur, rəsmi Bakı münasibətlərini milli maraqlar və beynəlxalq hüquq çərçivəsində qurur, mövqeyini bu istiqamətdə formalaşdırır. Üstəlik, Ermənistan müharibədə məğlub olduğu halda, Azərbaycan bu ölkəyə regionda əminamanlıq üçün sülh əlini uzadıb. Qərbi azərbaycanlıların dədə-baba yurdlarına ləyaqətli və dinc yolla qayıdışı isə Azərbaycan üçün prioritet məsələlərdəndir. Qərbi Azərbaycana qayıdış konsepsiyasında sadəcə hüquqi məsələlərdən, yəni 1987-1991-ci illərə qədər Ermənistan vətəndaşı olmuş azərbaycanlıların vətəndaşlıq hüquqlarının yenidən bərpa olunmasından söhbət gedir. Erməni politoloq Beniamin Matevosyan da bundan əvvəl bildirb ki, Bakı istəyinə nail olacaq. O, xarici işlər naziri Ararat Mirzoyanın da Qərbi Azərbaycanla bağlı mövqeyinə toxunub: “Əsas odur ki, onların xidməti avtomobilləri olsun və o zaman Qərbi Azərbaycanda işləmək onlar üçün asan olacaq. Ararat Mirzoyan və Ermənistanın diplomatik korpusu təxminən eyni yanaşmaya malikdir. Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində bir sıra bəyanatlar verib. Baş nazir Qərbi Ermənistan və Qərbi Azərbaycan anlayışlarını eyniləşdirməklə ermənilərin ruhuna toxunub. Mirzoyan Ermənistan Respublikasının diplomatik korpusunun rəhbəri kimi bilməyə borcludur ki, Qərbi Ermənistan termini bu bölgənin tarixinə gedib çıxır və ən əsası, müasir türk dilinə qarşı deyil. Qərbi Azərbaycan termini isə müasir Ermənistan dövlətçiliyi ilə ziddiyyət təşkil edir. Üstəlik, Qərbi Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti statusunda Ermənistan Respublikasının əraziləri hesabına yaradılmağa hesablanıb. Vəziyyəti tamamilə “təzə” proseslər nöqteyi-nəzərindən təhlil etsək, demək lazımdır ki, Ermənistan parlamentində “Qərbi Ermənistana qayıdış üzrə təşəbbüs qrupu” yoxdur, Azərbaycan parlamentində isə artıq Qərbi Azərbaycana qayıdış orqanı fəaliyyət göstərir”.

Ramil QULİYEV

Chosen
79
3
baki-xeber.com

5Sources