EN

Əli Əsədov özbəkistanlı həmkarı ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Daşkənddə Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət səfərləri zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı yeni istiqamətlərin müəyyən edildiyi bildirilib.

Dövlət başçıları tərəfindən verilən tapşırıqların icrasının təmin edilməsi üçün hökumətlər xətti ilə sıx işbirliyinin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Cari ilin Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ötən dövr ərzində dövlətlərarası münasibətlərin ardıcıl şəkildə hərtərəfli inkişaf etdiyi məmnunluqla qeyd edilib. Ali səviyyədə qarşılıqlı səfərlər və görüşlər, bu səfərlər zamani imzalanmış ikitərəfli sənədlər bu uğuru təmin edən əsas amil kimi dəyərləndirilib. Son üç ildə ali səviyyədə on qarşılıqlı səfər baş tutub - Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev hər biri beş səfər edib.

Qeyd edilib ki, dövlət başçılarının ardıcıl birgə səylərinin məntiqi nəticəsi olaraq 2024-cü ildə müttəfiqlik münasibətləri haqqında tarixi müqavilə imzalanıb.

Eyni zamanda Özbəkistan prezidentinin yaxın zamanlarda Azərbaycana növbəti dəfə səfər edəcəyi vurğulanıb.

Azərbaycan və Özbəkistanın regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətinə toxunularaq qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq xüsusi qeyd edilib.

Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, 2024-cü ildə qarşılıqlı ticarət 41% artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.

İyunda Azərbaycanda Hökumətlərarası birgə komissiyanın 14-cü iclasının keçiriləcəyi diqqətə çatdırılıb.

Ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair 2024-2025-ci illər üçün Yol xəritəsinin icrasının uğurla davam etdirildiyi vurğulanıb.

Sevindirici haldır ki, birgə layihələrlə bağlı əldə olunmuş razılaşmaların praktiki icrası təmin olunur.

Chosen
32
8
publika.az

7Sources