İran “Zəngəzur dəhlizi” yaratmaq cəhdinin qarşısını alıb.
Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, bunu İslam Respublikası Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.
Onun sözlərinə görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi idi:
“Bəzi ölkələr Ermənistan ərazisindən keçməklə, Naxçıvanı Azərbaycanla birləşdirmək bəhanəsi ilə “Zəngəzur dəhlizi”ni - mahiyyətcə parçalama demək və İranın Avropaya gedən yolunu bağlama olan yaratmağa cəhd edəndə, İslam Respublikası bu plana qəti şəkildə qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”, - deyə Vilayəti vurğulayıb.
O iddia edib ki, Co Bayden ABŞ prezidenti vəzifəsində olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, lakin bu layihənin həyata keçirilməsinə mane olan məhz İran olub:
“Bu bəyanat göstərir ki, İran hətta Rusiyanın dəstəyi olmadan belə, ağlabatan diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun nüfuzunun qarşısını almağa nail olub”.
Vilayəti qeyd edib ki, İranın Cənubi Qafqazda mahir və strateji mövcudluğu təkcə milli maraqların müdafiəsi deyil, həm də xarici dövlətlərin regionun işlərinə müdaxiləsi qarşısında güclü maneədir.
Köhnə diplomat vurğulayıb ki, “Zəngəzur dəhlizi” çərçivəsində son məqsəd təkcə İranı şimal istiqamətindən kəsmək istəyi deyil, həm də Rusiyanın ətrafındakı halqanın cənubdan daraldılması və bağlanmasıdır. Lakin bu layihə də uğursuzluğa düçar olub.
Telegram kanalımız