BAKI, 9 iyun. TELEQRAF
Seul Ali Məhkəməsi Prezident Li Çje Myon barəsində seçki vəzifələri haqqında qanunu pozması ilə bağlı iş üzrə araşdırmaları qeyri-müəyyən müddətə təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Apellyasiya məhkəməsi iyunun 18-nə planlaşdırılan iclası ləğv edib və yeni tarix təyin etməyib. Hakimlərin istinad etdiyi konstitusiyanın 84-cü maddəsinə əsasən, hakimiyyətdə olan prezident dövlətə xəyanət və qiyam ittihamları istisna olmaqla, cinayət işlərinə görə təqib oluna bilməz.
2024-cü ilin noyabrında rayon məhkəməsi Li Çje Myonu seçkili dövlət vəzifələri haqqında qanunun pozulması ilə bağlı iş üzrə şərti cəzaya məhkum etmişdi. Məhkəmə hesab etmişdi ki, o, 2021-ci ildə seçkiqabağı kampaniya zamanı bir neçə yalan bəyanat verib. Lakin martın 26-da Seul Ali Məhkəməsi bu qərarı ləğv edərək siyasətçiyə bəraət vermişdi.
Mayın 1-də Koreya Respublikasının Ali Məhkəməsi bəraət hökmü ilə razılaşmayaraq işi yenidən apellyasiya məhkəməsinə qaytarıb. Təkrar dinləmənin mayın 15-də keçirilməsi planlaşdırılsa da, müxalifət partiyası nümayəndələrinin çağırışları və seçki kampaniyasının ədalətli keçirilməsi məqsədilə iclas iyunun 18-nə təxirə salınıb.