EN

Müştərək logistika: Qazaxıstan və Çinin əmtəə dövriyyəsində yeni səviyyə

Astana, 6 iyun, AZƏRTAC

Almatıda "Çin (Şandun) - Qazaxıstan" iqtisadi-ticari əməkdaşlıq konfransı keçirilib.

AZƏRTAC Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə iki ölkənin hökumət, biznes və investisiya strukturlarının nümayəndələri iştirak ediblər.

Qazaxıstan Şandun əyalətinə qarşılıqlı fəaliyyətin növbəti mərhələsinə - Aİİ və Avropa bazarlarına yönəlmiş birgə istehsalın, sənaye parklarının və montaj xətlərinin işə salınmasını təklif edir.

Eyni dərəcədə, aqrar sənaye sahəsi də perspektivli sahə kimi təqdim olunur. Qazaxıstan Çinin logistika və texnoloji həllərinin tətbiqi ilə kənd təsərrüfatı məhsullarının dərindən emalı layihələrində Şandunun iştirakını istəyir.

Danışıqların ayrıca bloku nəqliyyat infrastrukturunun inkişafına həsr olunub. Qazaxıstan multimodal marşrutların genişləndirilməsində, əmtəə axınının rəqəmsallaşdırılmasında və Xorqos da daxil olmaqla transsərhəd qovşaqların gücləndirilməsində maraqlıdır. Həmçinin Mərkəzi Asiya, Aİİ və Avropa İttifaqı bazarlarına yönəlmiş birgə logistika operatorun yaradılması təklif olunub.

Tərəflər biznes və turizm mübadiləsinin genişləndirilməsi, birbaşa hava əlaqələrinin inkişafı və birgə mədəni təşəbbüslərin həyata keçirilməsini də müzakirə ediblər. İpək Yolu platformasında regional səviyyədə iştirakın intensivləşdirilməsi təklif olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
74
11
azertag.az

10Sources