EN

Murad Vəliyev “Şamaxı”ya lazım olmadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü, 23 yaşlı sağ vinger Murad Vəliyev “Şamaxı”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Vəliyevlə müqavilə şərtlərinə əsasən, tərəflər arasında razılaşmanın müddəti klubun istəyinə görə uzadılmayıb. Murada göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, “Şamaxı” Murad Vəliyevi qış fasiləsində, bu ilin yanvar ayında heyətinə qatmışdı. Həmin vaxt tərəflər il yarımlıq (6 ay + 1 il) müqaviləyə imza atmışdılar.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış etməyə başlamış vinger bu ölkədə “Nomme Yunayted”in də uğurları üçün çalışıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alıb. O, yığmamızda 15 oyun keçirib və 1 qola imza atıb.

“Şamaxı” Murad Vəliyevdən öncə Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik və Fəxri Məmmədli ilə də yollarını ayırmışdı. Rikardo Fernandes, Alfons Msanqa və Abdulla Seydəhmədovla isə yeni müqavilə imzalanıb. Əyalət klubu “Qəbələ”dən Emil Süleymanovu icarəyə götürüb, “Səbail”dən isə Oruc Məmmədovu transfer edib.

Chosen
48
8
arena.az

10Sources