EN

Gənc alimlər Qubada – Etnoqrafların tarixi zirvəsi - FOTO

Qubada paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, forum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə baş tutub.
 

Forum, Azərbaycanın zəngin mədəni irsini tədqiq etmək, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək və tarixi irsimizin dərinliklərinə dair müzakirələr aparmaq məqsədi daşıyır.



Forumun işinə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb. Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, yerli idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, etnik qrupların nümayəndələri, ziyalılar, həmçinin gənclər forumda iştirak ediblər.

İlk olaraq, sənətkar və rəssamların əl işləri, posterlər və “Alaca” Milli Geyim Evinin libaslarından ibarət sərgilərlə tanışlıq olub.

Plenar iclasda açılış nitqi ilə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova forumda iştirak edən Azərbaycanın tarixini və mədəniyyətini tədqiq edən gənc alim və tədqiqatçıları, bu sahə üzrə çalışan mütəxəsssisləri salamlayıb, sonra isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov çıxış ediblər. Daha sonra layihə təşəbbüskarı Dr. Günay Həsənova forumun mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.
 

2 günlük forum işinə 5 iyun tarixində iştirakçılar üçün təşkil olunmuş mədəni proqramın, abidələrin, o cümlədən Tağlı körpü, Qırmızı qəsəbə, üç tarixi məscid və Gümbəzli Hamam kimi tarixi yerlərin ziyarətinin həyata keçirilməsi ilə sonlanacaq.


Forum çərçivəsində 70-ə yaxın elmi məqalələr təqdim edilib, 150-dən çox iştirakçı qatılıb və forumun materiallar toplusu hazırlanıb.

Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla ümumilikdə 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
85
5
bizim.media

10Sources