EN

"Mən pedofiləm": Fransada cərrah 300-ə yaxın uşağı zorladığına görə 20 il həbs cəzası alıb - BBC

 
"Joel Le Skuarnek pasiyentləri olan azyaşlı uşaqlara qarşı 25 il boyunca seksual zorakılıq törədib, cinayətlərini illərlə gündəliyində qeyd edib..."
 
Fransalı cərrah Joel Le Skuarnek 299 uşağa qarşı seksual zorakılıq törətdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Məlumatda deyilir ku, qurbanların əksəriyyəti onun pasiyentləri olub və orta yaş cəmi 11-dir. Məhkəmədə Le Skuarnek tam şəkildə günahını etiraf edib və qurbanlarına üz tutaraq deyib: 
 
"Mən sizin həyatınızı məhv etdim. Buna görə çox peşmanam". Bu cinayətlər 1989-2014-cü illər arasında baş verib. 20 illik həbs Fransada bu cür hallarda nəzərdə tutulan maksimum cəzadır.
 
Cinayətin üzə çıxması
 
Le Skuarnek 2017-ci ildə saxlanılıb. Onun qonşuluğunda yaşayan 6 yaşlı qız uşağı valideynlərinə bildirib ki, cərrah ona öz cinsiyyət orqanlarını göstərib. Polisə edilən müraciətdən sonra qızın həkim müayinəsi keçirilib və zorlanma ehtimalı təsdiqlənib.
 
2020-ci ildə o, bu və digər üç azyaşlıya qarşı törətdiyi zorakılığa görə 15 il həbs cəzası alıb. Həmin vaxta qədər istintaq onun onlarla başqa uşağa qarşı da oxşar əməllər törətdiyini müəyyənləşdirib.
 
Axtarış zamanı tapılanlar
 
Le Skuarnek həbs olunandan sonra onun evində aparılan axtarış zamanı dəhşətli dəlillər - uşaq ölçüsündə seks kuklaları, təxminən 300 min pedofil xarakterli şəkil, 1980-ci illərin sonundan başlayaraq tutduğu ətraflı gündəliklər ortaya çıxıb.
 
Bu dəftərlərdə o, uşaq qurbanlara qarşı törətdiyi əməlləri təfərrüatlı şəkildə təsvir edib. Bəzən onların adlarını, doğum tarixlərini və hətta ünvanlarını qeyd edib. Bir çox səhifədə isə bu ifadə yer alıb: "Mən pedofiləm".
 
Narkoz altında zorakılıq
 
Ən dəhşətlisi odur ki, bəzi qurbanlar onlara qarşı zorakılıq baş verdiyini belə xatırlamayıb, çünki onlar əməliyyat zamanı narkoz altında olub. Hüquq-mühafizə orqanları əlaqə saxlayanda bir çoxu şok keçirib.
 
İlkin ifadələrində Le Skuarnek hər şeyi inkar edib və gündəliklərdə yazılanların sadəcə "fantaziya" olduğunu iddia edib. Lakin daha sonra cinayətləri etiraf edib.
 
Şəxsi faciələr
 
Qurbanlardan biri,  37 yaşlı Polin 11 yaşında olarkən cərrahın zorakılığına məruz qalıb. O, appendisit əməliyyatından sonra xəstəxanada yatarkən Le Skuarnek palataya girərək "müayinə" bəhanəsi ilə ona toxunub. Qız ağrıdan bağırıb. Anasına danışsa da, inandırmaq mümkün olmayıb.
 
Le Skuarnekin həyat yoldaşının bu cinayətlərdən xəbəri olmadığı düşünülür. Amma həkim 1993-cü ildə gündəliyinə belə yazıb: "Fəlakət baş verib. O (arvadım) bilir ki, mən pedofiləm".
Chosen
125
50
moderator.az

10Sources