EN

“Gürcüstan Dəmir Yolları” ilə yük və sərnişin daşınmalarının həcmi azalıb

Tbilisi, 20 may, AZƏRTAC

Cari ilin birinci rübündə “Gürcüstan Dəmir Yolları” ilə ümumilikdə 3,0 milyon ton yük daşınıb, bu da 2024-cü ilin eyni dövrü dövrü ilə müqayisədə 6,8 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, daşınan yüklərin 8,4 faizi yerli, 33,6 faizi beynəlxalq, 58 faizi isə tranzit daşımaların payına düşür.

Cari ilin birinci rübündə beynəlxalq dəmir yolu yüklərinin ümumi həcmində idxal 74,1 faiz, ixrac payı isə 25,9 faiz olub. Birinci rübdə dəmir yolu ilə idxal olunan yüklərin 51 faizi Rusiya, 23,2 faizi Azərbaycan, 25,8 faizi isə digər ölkələrin payına düşüb.

Bundan başqa, ilin birinci rübündə “Gürcüstan Dəmir Yolları” ilə 348,8 min sərnişin daşınıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz azdır. Qeyd olunan rəqəmin 3 mini beynəlxalq sərnişin daşımaların payına düşüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz azdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
29
50
azertag.az

10Sources