Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 16-cı turu çərçivəsində “Osiyek”lə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyunda “Dinamo” qələbə qazanıb – 2:1.
Emreli bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçuya bu oyunda ehtiyac duyulmayıb. O, sonadək ehtiyatda qalıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 16 turdan sonra 27 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 44 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.