EN

Kilian Mbappe ÇL-in ən sərrast futbolçusu mükafatına qovuşdu

“Real”ın fransalı ulduzu hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün ən sərrast oyunçusu mükafatını alıb.

Arena.az məlumat verir ki, mükafatını aldıqdan sonra Mbappe qəniməti ilə birlikdə şəklini özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Xatırladaq ki, Mbappe ötən mövsüm Çempionlar Liqasında PSJ-nin heyətində çıxış edib. Mbappe Fransa nəhəngi ilə mötəbər yarışın yarımfinalına yüksəlib. Fransalı ulduz yarış ərzində 8 qola imza atıb.

Əlavə edək ki, “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn də eyni miqdarda – 8 qol müəllifi olub.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 4 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Chosen
287
7
arena.az

10Sources