EN

Millət vəkilindən SOS siqnalı...

Şagirdlər dərsə girmir, dil öyrənməyə gedirMilli aristokratiyanın yetişdirilməsi problemi varGələcəkdə Azərbaycanı idarə edəcək kadrlar Azərbaycanın tarixini, dilini, milli mədəniyyətini bilməyən ingilisdillilər olacaq Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 2024-cü il üçün Büdcə Zərfinin müzakirəsi daxil edilib. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub. Qeyd edək ki, qanun layihəsinə əsasən, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat məbləğində olacaq. "Bir sıra ali məktəblərdə maaş orta məktəb müəllimindən aşağıdır"  Millət vəkili Ceyhun Məmmədov bildirib ki, bir sıra ali təhsil müəssisələrində maaş orta məktəb müəlliminin maaşından aşağıdır. Deputat deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır: “Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar. Belə olan halda universitetlər daha çox tələbə sayını artırmaq barədə düşünürlər. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Universitetlərin tədqiqat yönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”."10 ilə deyil, daha qısa müddətə təmir işini yekunlaşdıra bilərik"  Deputat qeyd edib ki, son illər Prezident İlham Əliyevin və Birinci vitse prezident Mehriban Əliyevanın bilavasitə diqqət və qayğısı ilə ölkəmizdə yüzlərlə məktəb inşa və təmir olunub: “Ancaq bu gün ölkədə təxminən 800 məktəb təmirsiz vəziyyətdədir. Əlbəttə, bir ilə bütün məktəbləri təmir etmək mümkün deyil. Ancaq düşünürəm ki, müddəti qısalda bilərik. 10 ilə deyil, daha qısa müddətə təmir işini yekunlaşdıra bilərik. Bu gün bəzi bölgə məktəblərində vəziyyət çox ağırdır. Digər tərəfdən, bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var. Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var”."Belə getsə, gələcək kadrlar tarixini, dilini bilməyən ingilisdillilər olacaq"  Millət vəkili Hikmət Babaoğlu deyib ki, belə getsə, gələcəkdə Azərbaycanı idarə edəcək kadrlar Azərbaycanın tarixini, dilini, milli mədəniyyətini bilməyən ingilisdillilər olacaq. O bildirib ki, bu gün təhsilə də kifayət qədər vəsait ayrılır: “Burada da hesabatlılıq olmalıdır. Şagirdlər dərsə girmir, gedir dil öyrənməyə. Milli aristokratiyanın yetişdirilməsi problemi var. Sadəcə, dil bilən şəxslərdən ibarət biz milli aristokratiya yetişdirə bilərikmi? Məncə, yox”. "Balıqartırma zavodlarının özəlləşdirilməsinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır" Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, balıqartırma zavodlarının özəlləşdirilməsinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır. Deputat qeyd edib ki, hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünü təminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil: “Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə isə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir . Son 15 il ərzində ölkədə ovlanmış və yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ də ölkədə istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1faizini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olub, 2020-ci ildə isə 7 ədəd olub ki, hazırda bu müəssisələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 144 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır". "Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib"Deputat Vüqar İskəndərov deyib ki, Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib, utilizasiya çox ciddi problemdir. Deputat bildirib ki, 2024-cü ilin sentyabr ayından məsələnin həllini tapması gözlənilir: “Burada əsas məsələ odur ki, ədalətli həll üçün mexanizm yaradılmalıdır. Çünki bu, kütləvi məsələdir”. O, tıxac probleminə də toxunub: “Bakı şəhərinin mərkəzində tıxaclar əsas problemdir. Buna yol açan problemlərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin kənarına köçürülməsinə baxmalıyıq. Pedaqoji Universitetin Şəki filialı fəaliyyət göstərir. Şəki o regionun mərkəzi şəhəridir. Pedaqoji Universitetin Şəki filialı tam müstəqil universitet olmağa hazırdır. Gələcəkdə bu məsələyə baxılması çox vacibdir”."Paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır" Deputat Əziz Ələkbərli deyib ki, hər il büdcəmizdə elmin inkişafına xeyli vəsait ayrılır, amma bu vəsaitin az miqdarı birbaşa alimə çatır: "Təsəvvür edin, Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışan gənc bir alim 10-cu dərəcə ilə 420,62 manat, 11-ci dərəcə ilə 431,04 manat, 12-ci dərəcə ilə 453,02 qəpik təmiz maaş alır. Halbuki 2023-cü ilin yanvar-iyul ayları üçün ölkədə nominal orta aylıq əməkhaqqı 925,3 manat olub. Paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1179,8 manat təşkil edib. Yəni paytaxtda yaşayan alim buradakı orta aylıq əməkhaqqının üçdə biri qədər maaş alır. Doğrudanmı biz bu maaşla gənclərimizi elmə gətirmək istəyirik? Doğrudanmı güman edirik ki, bu qədər maaşla alim elmlə məşğul olacaq?". Ə.Ələkbərli nəzərə çatdırıb ki, əvvəllər fəlsəfə doktoru elmi dərəcəsi Əməkdar fəxri adı ilə, elmlər doktoru elmi dərəcəsi isə Xalq fəxri adı ilə bərabər tutulur, hər biri müvafiq olaraq 60 və 100 manat əlavə alırdı: “Sonra Əməkdar və Xalq fəxri adları artırılaraq müvafiq olaraq 90-150, daha sonra 150-200 manat oldu. Amma alimlərə verilən dərəcə pulu elə 60-100 manat kimi də qaldı. Yəni fəlsəfə doktoruna hər gün üçün 2 çörək, elmlər doktoruna isə 3 çörək pulu verilir. Bəlkə bu, doğrudan da, alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur? Elə hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil və əgər elmimizin inkişafını istəyiriksə, bütün bu məsələlərə yenidən baxılmalıdır”."Bakı-Quba ödənişli yolunda taariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir" Millət vəkili Vahid Əhmədov deyib ki, Bakı-Quba ödənişli yolunda taariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir. Deputat qeyd edib ki, azı 2-3 dəfə rayonda olub, amma yolda maşın olmayıb: “Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir. Ödənişli yolda taariflərə yenidən baxılması zəruridir, bu taariflər endirilməlidiir”. Deputat hökumətdən xahiş edib ki, müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar bu yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin. Vahid Əhmədov həmçinin qeyd edib ki, 2023-cü ildə cənab Prezidentin fərmanı ilə ölkənin ərzaq buğdası ilə təmin edilməsi üçün dövlət büdcəsindən 200 milyon manat ayrılıb: “2024-cü ilin dövlət büdcəsində bu məqsəd üçün 60 milyon manat, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 502,0 milyon manat vəsait nəzərdə tutulub. Ayrılan vəsaitin düzgün xərclənməsi ərzaq bazarında qiymətlərə öz müsbət təsirini göstərməli və bu sahədə idxaldan asılılığı azaltmalıdır. Çünki idxalın da 2023-cü ilə nisbətən 2024-cü ildə 8.3 faiz artaraq 16,1 milyard manata çatacağı proqnozlaşdırılır”. Deputat eyni zamanda səhmləri əsasən dövlətdə olan dövlət şirkətlərinin özəlləşdirilməsinin tədricən həyata keçirilməli olduğunu diqqətə çatdırıb: “Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”."Tikintiyə icazə səlahiyyəti bələdiyyələrə verilməlidir" Deputat Qüdrət Həsənquliyev deyib ki, təəssüf ki, 10 milyon əhalisi olan ölkəmiz üçün 34 milyard 173 milyon manat gəlirləri olan büdcə olduqca kiçikdir. Onun da 12 milyard 781 milyonu Dövlət Fondundan transfertdir: "2023-cü ildə Ümum Daxili Məhsul real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq”. Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalmalar həyata keçirilir: “Dövlət müəssisələri, xəstəxanalar, xidmət sahələri özəlləşdirilməlidir. Qanunların aliliyi təmin edilməsə, İqtisadiyyat Nazirliyinin səyləri ciddi nəticələr verməyəcək. Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı-hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlir-çıxarını proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhfə vermək olmaz. Biz tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq”. Qüdrət Həsənquliyev bildirib ki, büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçən il səsləndirdiyi rəqəmlərə əsaslansaq yalnız Bakı şəhərində minə qədər qəzalı bina var. Amma sahibsiz sahibkarlar yaşayış binaları tikmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir”. Deputatın sözlərinə görə, qəzalı binaların söküntüsü məsələsi gündəmdə olsa da, təqdim olunan sənədlərdə təhriflərə yol verilir: “Tarixi tikililər olan ərazidə, qəzalı bina olmayan yerdə yeniləri tikilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəy Bakı Şəhər İcra Hakimiyyətinin rəyindən fərqlidir. Bu sahədə islahatlar aparılmalı, tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bütün sivil dünyada bu belədir. Tikinti üçün müraciətlərə cavablar onlayn qaydada, ictimaiyyət üçün açıq olmalıdır. Bələdiyyələrə həm də öz təşəbbüsü ilə tikinti üçün yerlərin sənədlərini paket halında hazırlayıb hərraclarda tikinti şirkətlərinə satmaq səlahiyyəti verilməlidir”."İkinci Qayıdış Proqramımız olsun"Deputat Sabir Rüstəmxanlı təklif edib ki, bizim İkinci Qayıdış Proqramımız olsun: "Bu, Azərbaycanın ucqar rayonlarından iş axtara-axtara ehtiyac üzündən Bakıya üz tutmuş insanların yenidən öz yurdlarına Qayıdış Proqramı olsun. Bu da Böyük Qayıdışdır və buna çox ciddi ehtiyac var. Bu proqramı, məncə, dövlət düşünməli və nəzərə almalıdır”.

Chosen
300
32
sherg.az

10Sources