AZ

Ermənilərə gecəyarısı verilən Qarabağ mesajı

Ermənistanın Baş naziri Nikol Paşinyan Yeni il münasibətilə müraciət edib.

O, çıxışında Qarabağdan könüllü getmiş ermənilərdən üzr istəyib:

“Bütün qardaş və bacılarımızdan son illərdə yaşadığınız ağrılara görə bağışlanmamı diləyirəm. Sizə qarşı hər hansı bir cinayət törətdiyimə, yaxud sizə qarşı hər hansı bir məsuliyyət və ya öhdəliyi bir an belə unutduğuma görə deyil, sizin hisslərinizi və mənim də hisslərimi bildiyim üçün bağışlanmamı diləyirəm”. 

Paşinyan bildirib ki, amma bu hiss heç bir halda onun dövlət başçısı kimi borcunu sarsıda bilməz:

“Bu vəzifə ondan ibarətdir ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarına əsaslanmalıdır. Ona görə də mən regionumuzda qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi formullarının axtarışını prioritet hesab edirəm. Bundan sonra da dövlət, gələcək naminə bu yolu qətiyyətlə gedəcəyəm”. 

Qeyd edək ki, Nikol Paşinyanın bayram nitqi ilk növbədə, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən Qarabağdan ermənilərin könüllü köçməsi ilə bağlı mövcud vəziyyətə dair bir sıra mühüm siyasi mesajları özündə əks etdirir. Eyni zamanda, Paşinyanın açıqlaması Ermənistanın regional proseslərdə iştirakı və 2024-cü il üçün xarici siyasət kursuna da aydındılıq gətirməyə imkan verir. Paşinyan ilk növbədə “son illərin ağrıları” deyərkən, 2020-ci ildə 44 günlük müharibə ilə başlanan və ermənilərin Qarabağı kütləvi tərk etməsi ilə yekunlaşmış prosesdə özünün siyasi məsuliyyətini müəyyənləşdirməyə çalışıb.

Həm İkinci Qarabağ müharibəsində, həm də Azərbaycanın 2023-cü ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatında Ermənistanın məğlub olmasına görə Baş nazirin ünvanına “kapitulyant” (təslimçi) itthamları səsləndirilir. Lakin Paşinyan ermənilərin onu bağışlanması nə xalqa qarşı cinayət törətməsi, nə də vəzifə öhdədiklərini yerinə yetirə bilməməsi ilə əsaslandırmır. Paşinyan Qarabağdan köçmüş ermənilərin hisslərini başa düşdüyünü dilə gətirməklə əslində, son illər baş verənlərə görə hüquqi deyil, daha çox mənəvi məsuliyyət daşıdığını demək istəyir. 

Çünki Ermənistandakı revanşist müxalifət Paşinyan hakimiyyətinə qarşı mübarizədə Qarabağdan köçmüş ermənilərə özünün potensial sosial bazası kimi baxır. Xüsusilə də Qarabağdakı keşmiş separatçı rejimin özünü buraxması haqqında fərmanın ləğvi ilə bağlı səylərin  qarşısının Paşinyan tərəfindən alınması yanvarın 1-dən etibarən qondarma qurumun mövcudluğuna son qoydu. 

Radikal müxalifət isə Qarabağdan köçmüş erməniləri separatçı rejimin fəaliyyətinin bərpasının mümkünlüyünə inandırmağa çalışır. Eks-prezident Serj Sarkisyan və digər müxalifət liderləri Paşinyana qarşı mübarizəni Qarabağa “qayıdış”ın siyasi formulu kimi təqdim etməklə ermənilərdən sui-istifadə etməyə niyyətini nümayiş etdirirlər. Nikol Paşinyanın Qarabağdan gəlmiş erməni əhalidən üzr istəməsi də özünə qarşı yönəlmiş bu ittihamları neytarllaşdırmaq məqsədi daşıyır. Ancaq Baş nazir Ermənistanın dövlət maraqlarını Qarabağdan köçmüş ermənilərin hisslərinə qurban vermək fikrində olmadığını gizlətməyib. 

Bu baxımdan, Paşinyanın çıxışı 2024-cü ilə dair fəaliyyət planlarına da nəzər salmağa imkan verir. Rəsmi İrəvan 2023-cü ildə əsasən münaqişələrdən uzaq dayanmaq siyasətini bu ildə davam etdirmək niyyətindədir. Eyni zamanda, Paşinyanın “regionumuzda qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi formullarının axtarışı” ifadəsi diqqəti cəlb edir. Bu da Ermənistanın Baş nazirinin 2024-cü ildə Azərbaycanla sülh sazişinin imzalanmasını və Türkiyə ilə münasibətlərin normallaşmasını prioritet hesab etdiyi kimi başa düşülə bilər. 

Seçilən
159
14
cebheinfo.az

10Mənbələr