AZ

Qlobal əmtəə bazarında ucuzlaşma tendensiyası davam edir

Qlobal

Bakı, 13 noyabr, AZƏRTAC

Qlobal əmtəə bazarında qiymətlərin düşməsi tendensiyası ötən həftə dünya üzrə iqtisadiyyatların yavaşlaması ilə bağlı narahatlıqların güclənməsi fonunda davam edib.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, getdikcə artan tənəzzül narahatlıqları əmtəə qiymətlərindəki dəyişkənliyi gücləndirsə də, ABŞ Federal Ehtiyat Sisteminin inflyasiya ilə mübarizənin hələ bitmədiyi barədə açıqlaması və ötən həftə verdiyi digər bəyanatlar əmtəə bazarına təsir edən mühüm amil olub.

Çinin keçən həftə açıqladığı məlumatlar dünya iqtisadiyyatının yavaşlaması ilə bağlı narahatlıqları gücləndirib. Oktyabr ayında bu ölkənin ixracı 6,4 faiz azalıb, iqtisadçıların proqnozlarının əksinə olaraq, idxal isə gözlənilmədən 3 faiz artıb ki, bu, fevral ayından bəri ilk dəfə müşahidə olunub.

Qiymətli metalların qiymətində ötən həftə azalma tendensiyası olub, qızılın bir unsiyası 2,8 faiz, gümüş 4,2 faiz, platinin qiyməti 9,5 düşüb.

Platinin qiyməti 2022-ci ilin sentyabr ayından bu yana ən aşağı səviyyəyə - 843,50 dollara düşüb, 2018-ci ilin avqust ayından bəri ən aşağı səviyyəni göstərən palladium isə həftəni 949,80 dollarla (13,9 faiz azalma) ilə başa vurub. Mis 2 faiz, alüminium 0,4 faiz, nikel isə 4 faiz ucuzlaşıb.

Keçən həftə “Brent” markalı neft 4,2 faiz, Nyu-York əmtəə birjasında təbii qaz isə 14,6 faiz ucuzlaşıb.

Çikaqo əmtəə birjasında buğda ticarəti 0,6 faiz, düyü isə 4,2 faiz artıb. Digər tərəfdən, 2020-ci ilin dekabr ayından bəri ən aşağı səviyyəni - 4,61 dollarla görən qarğıdalı həftəni 2,8 faizlik ucuzlaşma ilə başa vurub.

Qitələrarası birjada pambıq ticarəti keçən həftə sabit olub, qəhvə 1,1 faiz, şəkər isə 1,6 faiz ucuzlaşıb, kakao isə 3,4 faiz bahalaşıb.

Keçən həftə pambıq qiymətləri 0,7477 dollarla son bir ilin minimumunu görüb. Digər tərəfdən, kakao bir ton üçün 4035 dollarla tarixi maksimuma çatıb.

Seçilən
725
39
azertag.az

10Mənbələr