Belçikalı triatlonçu Kler Mişel Paris Olimpiadasında yarışdıqdan sonra bağırsaq infeksiyasına yoluxub.
Mənbənin sözlərinə görə, vəziyyəti ağır olan idmançı dörd gündür xəstəxanada müalicə alır. Kler Olimpiya yarışında 38-ci olub.
Triatlonun üzgüçülük hissəsi Sena çayında baş tutub. İyulun 28 və 29-da triatlonçuların məşq tədbirləri Sena çayının çirklənməsi səbəbindən ləğv edilib.
Qeyd edək ki, 1923-cü ildən son dərəcə çirkli olduğu üçün Senada üzgüçülük qadağan edilib. Buna baxmayaraq, Paris-2024 Oyunları zamanı triatlon, paratriatlon və açıq suda üzgüçülük yarışları Sena çayında keçirilir. Senanın çirklənməsinin əsas səbəbləri çoxlu miqdarda mövcud olan tullantı sularıdır. Hətta iyulun 31-də baş tutmuş triatlon yarışlarından sonra kanadalı Tiler Mislavşukun 10 dəfə qusduğu bildirilir.