Qəbirstanlıqlar Bakıdan köçürülə bilər — AÇIQLAMA
Böyük şəhərlərdə əhalinin sürətlə artması sosial xidmət sahələri ilə yanaşı, dəfn üçün torpaq sahələrinin tapılmasını da qlobal problemə çevirir. Paytaxt Bakıda son illər müşahidə olunan sıxlıq gələcəkdə ciddi məzar yeri çatışmazlığı yarana biləcəyi riskini gündəmə gətirib. Mövcud qəbiristanlıqların dolması və yeni ərazilərin məhdudluğu fonunda gələcəkdə insanların dəfn üçün yer tapmaqda çətinlik çəkəcəyi ehtimalı böyükdür.
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, hal-hazırda Bakıda qəbir yerləri üçün torpaq sahələrinin tam tükəndiyini demək olmaz, amma müəyyən sıxlıq var və gələcəkdə çatışmazlıq yarana bilər:
"Bunun qarşısını almaq üçün qəbiristanlıqların şəhərdən kənara köçürülməsi və yeni sahələrin əsasən şəhər kənarında ayrılması mümkündür. Eyni zamanda, böyük məqbərələrin, geniş sahəli və qeyri-standart qəbirlərin inşasına məhdudiyyət qoyulması məqsədəuyğun hesab edilə bilər. Çünki bu, həm fərqlilik yaradır, həm də əlavə yer itkisinə səbəb olur. Dünyanın bir çox ölkəsində daha sadə və eyni tipli məzar daşlarından istifadə olunur və fərdi böyük tikililərə geniş yer verilmir.
Ümumiyyətlə, gələcəkdə əhalinin artımı ilə dəfn üçün ayrılan torpaq sahələri kifayət etməyə bilər. Avropa ölkələrində bu səbəbdən krematoriyalar və kolumbariumlar geniş yayılıb. Kolumbariumlar yandırmadan sonra saxlanılan kül üçün divarlarda yerləşdirilən xüsusi yerlərdir. Lakin bu yanaşma Azərbaycanda dini baxışlara görə uyğun hesab edilmir. Buna baxmayaraq, gələcəkdə vəziyyət dəyişməsə, daha az yer tutan dəfn formalarına ehtiyac yarana bilər. Əks halda, yaşayanlarla ölülər üçün ayrılan məkan arasında ciddi disbalans yarana bilər".
Problemin digər tərəfi isə bu sahədə yaranan nəzarətsiz qiymət artımı və torpaq bazarının formalaşmasıdır. Hazırda məzar yerlərinin qiyməti bəzi ərazilərdə yaşayış təyinatlı torpaqların dəyərini üstələyir.
Vüqar Oruc qeyd edib ki, hazırda bu sahə həm də ciddi iqtisadi istiqamətə çevrilib:
"Qəbiristanlıq üçün ayrılan torpaq sahələrinin qiyməti adi torpaq qiymətlərindən dəfələrlə yüksək olur. Bu isə bəzi hallarda əlavə gəlir və kommersiya maraqları formalaşdırır. Ona görə də sahənin daha ciddi tənzimlənməsi, vahid standartların müəyyən edilməsi və dövlət nəzarətinin gücləndirilməsi daha məqsədəuyğun görünür. Eyni zamanda, aztəminatlı ailələrin dəfn xərclərini qarşılamaqda çətinlik çəkdiyi nəzərə alınmalıdır. Bu səbəbdən sosial dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Əks halda, gələcəkdə bu sahədə çatışmazlıq ciddi sosial problemlərə səbəb ola bilər",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az