İyunun 3-də Qusar rayonunun Caqarqışlaq kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
Bizim.Media xəbər verir ki, qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı sakinləri salamlayaraq ölkə miqyasında və rayon ərazisində son dövrlərdə icra olunan irimiqyaslı infrastruktur, sosial və digər layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, görülən işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə üzrə aparılan məqsədyönlü inkişaf strategiyasının tərkib hissəsidir.
İcra başçısı həmçinin Caqarqışlaq kənd sakinlərinin vergiləri ödəmə faizinin yüksək olduğunu qeyd edərək bunu yüksək qiymətləndirib.
Kənd sakinləri rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə rayon rəhbərinə təşəkkürlərini bildiriblər.
Görüş zamanı sakinlər Caqarqışlaq və Minaxür kəndləri arasındakı çınqıllı yolun asfaltlanması, kənddə məscid binasının tikintisi, istismara yararsız vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Qaldırılan hər bir məsələni diqqətlə dinləyən icra başçısı müvafiq idarə və müəssisə rəhbərlərinə qaldırılan məsələlərin həlli üçün tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verib. Bildirilib ki, müraciətlərin icrası nəzarətə götürüləcək və nəticəsi barədə sakinlərə məlumat veriləcəkdir.



Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media