Bu gün ABŞ prezidenti Donald Tramp İranın ali lideri Müctəba Xamenei ilə şəxsi görüş keçirmək istədiyini bəyan etməsi və yeni ali dini liderin haqqında müsbət tonda fikirlər səsləndirməsi son günlərin ən diqqətçəkən hadisələrindən biri kimi qiymləndirilir.
Bəs, Donald Tramp-Müctəba Xamenei görüşü mümkündürmü?
Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, belə bir görüşün nə zamansa baş tutması nəzəri cəhətdən mümkündür:
“Tarix göstərir ki, Tramp özünü qeyri-ənənəvi diplomatiyanın tərəfdarı kimi təqdim edir. O, vaxtilə Kim Çen Inla şəxsən görüşərək uzun illər davam edən siyasi tabu və stereotipləri qırmışdı. ABŞ və İran arasında atəşkəsin möhkəmləndirilməsi prosesi davam etsə, nüvə proqramı ətrafında razılaşma əldə olunsa, Hörmüz boğazı və regional təhlükəsizlik məsələlərində kompromis formalaşsa o halda liderlər səviyyəsində görüş hər iki tərəf üçün siyasi dividend gətirə bilər. Tramp artıq belə bir görüşə açıq olduğunu açıq şəkildə bəyan edir. Lakin yaxın perspektivdə görüşün baş tutacağına tam əminlik yoxdur. İran daxilində ABŞ-la birbaşa təmaslara qarşı sərt mövqedə olan qüvvələr mövcuddur və bu amil prosesi çətinləşdirə bilər”.
Politoloq onu da qeyd edib ki, Trampın Xamenei barədə fikirlərində müsbət ton seçməsi ilk növbədə diplomatik mesajdır:
“Mart ayında Tramp Müctəba Xameneinin hakimiyyətə gəlməsindən narazı olduğunu bildirmişdi. İndi isə onun haqqında "görüşmək istərdim", "ona hörmət edirlər", "danışıqlarda iştirak edir" kimi ifadələr işlətməsi Vaşinqtonun ritorikasında yumşalma əlaməti kimi görünür. Əgər Vaşinqton əvvəllər İran rəhbərliyinin dəyişməsini arzulayırdısa, indi əsas məqsəd İranın nüvə silahından imtina etməsi və regional qarşıdurmaların məhdudlaşdırılması ola bilər.
Tramp biznes və diplomatiyada tez-tez qarşı tərəfin liderini tərifləməklə onu razılaşmaya təşviq etməyə çalışır. Bu, onun danışıqlar üslubunun xüsusiyyətlərindən biridir. Hazırkı mərhələdə Trampın bəyanatını İranla münasibətlərdə yeni mərhələyə keçid üçün siyasi zəmin hazırlamaq cəhdi kimi qiymətləndirmək olar”.
Etibar Seyidağa,
Musavat.com