ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
"Bununla belə, siyasi motivlərin kənardan yönləndirilməsi ehtimalı da nəzərə alınmalıdır"
Azərbaycan şairi Nizami Gəncəvinin Gürcüstanın Marneuli rayonunda yerləşən abidəsi təhqir olunub. Ötən gün büstün ağ örtüklə örtülməsi barədə görüntülər yayılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən açıqlamada bildirilib ki, büstün bərpası məqsədilə onun üzəri müvəqqəti olaraq ağ örtüklə örtülüb.
Açıqlamada vurğulanıb ki, yaxın vaxtlarda restavrasiya işlərinə başlanacaq.
Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Sherg.az-a məsələ ilə bağlı mövqeyini bildirib:
"Nizami Gəncəvi sıradan biri deyil. Nizami Gəncəvi Şərq fikir dünyasının, poeziyanın və fəlsəfi poeziyanın aparıcı simalarından biridir. O, nə qədər azərbaycanlıdırsa, yaradıcılığına diqqətlə baxdıqda bir o qədər də bəşəri şəxsiyyətdir. Bəşəri ideyaların təbliği baxımından Nizami Gəncəvi örnəkdir. Hətta onun Gürcüstan-Azərbaycan münasibətləri ilə bağlı fikirləri və əsərləri də xüsusi təqdirəlayiqdir.
Bu gün, Qafqazda birlik və bərabərliyi pozmağa çalışan qüvvələr var. Konkret olaraq Qafqaz dövlətləri arasında münasibətləri pozmaq cəhdləri müşahidə olunur. Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq üçün nə etmək olar düşüncəsində olan dairələrin mövcudluğu da istisna deyil.
Gürcüstan-Azərbaycan münasibətləri geostrateji mahiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında normallaşma prosesi intensiv şəkildə davam edir. Eyni zamanda Ermənistanın türk dünyasında özünü daha rahat hiss edə biləcəyi ilə bağlı yanaşmalar səsləndirilir. Burada söhbət Paşinyan hakimiyyətinin apardığı siyasi xəttdən gedir".
İctimai birliyin sədri Gürcüstanın strateji tərəfdaş və müttəfiq ölkə olduğunu lakin bəzi qüvvələrin bu müttəfiqliyə qarşı çıxdığını söyləyib:
"Konkret olaraq İran və Rusiyadan bəzi dairələrin bu müttəfiqliyin möhkəmlənməsində və davamlı olmasında maraqlı olmadıqları barədə fikirlər də mövcuddur.
Onlar etnik zəmində qarşıdurmalar yaratmaqla sabitliyi pozmağa və yaranmış vəziyyətdən faydalanmağa çalışa bilərlər. Hadisənin bu və ya başqa səbəbləri ola bilər. Hər halda burada müəyyən siyasi motivlər və ya hansısa cahil şəxsin məsuliyyətsiz hərəkəti də istisna edilmir.
Düşünürəm ki, bu məsələ hərtərəfli araşdırılmalıdır. Müasir texnologiyalar imkan verir ki, insanların hərəkətləri nəinki saatbasaat, hətta saniyəbasaniyə izlənilsin. Bunun araşdırılması isə müvafiq istintaq orqanlarının işidir.
Təbii ki, səfirliyin mövqeyini bölüşürəm. Əgər abidənin üzəri müvəqqəti olaraq örtülübsə, deməli, burada bərpa işləri aparılacaq və yol verilmiş qüsur aradan qaldırılacaq. Amma həmin qüsurun sabah yenidən təkrarlanması da mümkündür.
Bu baxımdan profilaktik tədbirlərin görülməsi məqsədəuyğundur. Ola bilər ki, abidənin ətrafında müşahidə və qeydiyyat cihazlarının sayı artırılsın. Bu da, yenə qeyd edirəm, aidiyyəti qurumların səlahiyyətində olan məsələdir".
Müsahibimiz hər bir halda mən bu hadisəni gürcü xalqının və ya Gürcüstandakı hər hansı bir qrupun mövqeyi kimi təqdim etməyin əleyhinə olduğunu qeyd edib:
"Məsələnin həddindən artıq siyasiləşdirilməsinin də tərəfdarı deyiləm. Bununla belə, siyasi motivlərin kənardan yönləndirilməsi ehtimalı da nəzərə alınmalıdır.
Mənə elə gəlir ki, bu məsələyə təmkinlə yanaşılmalı, hadisə dinc və hüquqi müstəvidə araşdırılmalı, günahkar varsa müəyyən edilməli, təxribatçı və ya xarici təsir elementi varsa üzə çıxarılmalıdır. Eyni zamanda abidənin yüksək səviyyədə bərpası da vacibdir.
Çünki bir daha vurğulamaq istəyirəm ki, Nizami Gəncəvi ümumbəşəri dəyərdir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.