AZ

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qivami Rəhimli Azərbaycan xalqının milli kimliyinin formalaşmasında mədəni irsin roluna, dil, ədəbiyyat, xalq-tətbiqi sənəti və digər milli-mənəvi dəyərlərin dövlətçilik ənənələrinin qorunmasındakı əhəmiyyətinə və Ümummilli Lider Heydər Əliyevin milli-mədəni irsin qorunması, inkişafı, beynəlxalq səviyyədə tanıdılması sahəsindəki xidmətlərinə həsr olunmuş məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir:

Mədəni irs hər bir xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlər sistemini özündə yaşadan ən qiymətli sərvətdir. Xalqın keçdiyi tarixi yol, yaratdığı mədəni nümunələr, dili, ədəbiyyatı, incəsənəti və dövlətçilik ənənələri onun milli varlığını müəyyənləşdirən əsas amillərdir. Mədəni irsin qorunması, milli kimliyin möhkəmləndirilməsi, dövlət quruculuğunun dayanıqlı əsaslar üzərində inkişafının vacib şərtidir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının zəngin mədəni irsinin, dilinin və dövlətçilik ənənələrinin qorunmasını milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.

Heydər Əliyev öz xalqının tarixini dərindən bilən, milli kimliyi formalaşdıran mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşan böyük dövlət xadimi idi. Onun əsasını qoyduğu azərbaycançılıq məfkurəsi milli özünüdərkin möhkəmlənməsinin, milli birliyin güclənməsinin və dövlət quruculuğunun ideoloji təməli oldu.

Heydər Əliyev xüsusi olaraq qeyd edirdi ki, ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir. Dil xalqın milli varlığının, tarixi yaddaşının və mənəvi irsinin daşıyıcısı olmaqla yanaşı, milli kimliyin ən mühüm göstəricilərindən biridir. Xalqın keçdiyi tarixi yol, qazandığı nailiyyətlər və yaşadığı ictimai-siyasi proseslər öz əksini məhz dildə tapır.

Dilin inkişafı isə birbaşa dövlət quruculuğu prosesi, tarixi şəxsiyyətlərin fəaliyyəti və yaradıcı ziyalıların xidmətləri ilə sıx bağlıdır.

Azərbaycan xalqının formalaşması prosesinin mühüm mərhələlərindən biri orta əsrlərdə Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə təsadüf edir.

Azərbaycan tarixində milli kimliyin ən parlaq və qüdrətli təzahürlərindən biri XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin (1487–1524) siyasi səhnəyə yüksəlişi ilə bağlıdır.

Şah İsmayıl Xətai

Venesiyalı rəssamın çəkdiyi portret

Şah İsmayıl Azərbaycan torpaqlarının Səfəvilər dövlətinin tərkibində birləşdirilməsi prosesini başa çatdıraraq dövlətçilik tarixində yeni mərhələ açan qüdrətli imperiya yaratdı. İndiki İran və Azərbaycan ərazilərində hökm sürən türk mənşəli Səfəvilər sülaləsinin əsas dayağını Qızılbaş tayfaları təşkil edirdi. Azərbaycan türklərindən ibarət olan bu tayfalar başlarına taxdıqları qırmızı taclara görə “Qızılbaş” adlanırdılar. Onlar dövlətin siyasi və hərbi həyatında mühüm rol oynadıqlarına görə Səfəvilər dövləti bir sıra tarixi mənbələrdə “Qızılbaşlar dövləti” kimi də adlanılır.

Tarixdə ilk dəfə olaraq Şah İsmayıl Xətainin fərmanı ilə Qızılbaşların türki adlandırdığı Azərbaycan türkcəsi Səfəvi dövlətində sarayın, ordunun və idarəçilik sisteminin rəsmi dili statusuna yüksəldilmişdi. Bu qərar milli özünüdərk prosesinin möhkəmlənməsinə və ana dilimizin nüfuzunun artmasına güclü təkan verdi.

Şah İsmayıl Xətai Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmış, öz ölkəsinin beynəlxalq nüfuzunu möhkəmləndirmiş, Avropa dövlətləri ilə geniş ticarət əlaqələri yaratmışdı. Onun hakimiyyət dövrü orta əsrlər tarixində siyasi qüdrətin, iqtisadi inkişafın və mədəni yüksəlişin mühüm mərhələlərindən biri hesab olunur. Xətai yalnız ana dilində yaradan şairləri, alimləri və sənətkarları himayə etmirdi, o, bütövlükdə elmə, ədəbiyyata və incəsənətə xüsusi qayğı göstərirdi.

Xətai təxəllüsü ilə yaradan Şah İsmayıl öz dövrünün görkəmli şairlərindən biri idi. O, seirlərini Azərbaycan türkcəsində qələmə alaraq ana dilinin nüfuzunun yüksəlməsinə mühüm töhfə verib. Maraqlıdır ki, onun müasiri olan Osmanlı sultanı I Səlim də şair kimi tanınırdı və özündən sonra qoyub getdiyi 300-ə yaxın qəzəldən ibarət divanı fars dilində yazmışdı.

Bu fakt Şah İsmayılın ana dilinə verdiyi önəmin və Azərbaycan türkcəsinin dövlət və mədəniyyət dili kimi mövqeyinin daha aydın şəkildə dərk edilməsinə imkan yaradır.

Səfəvilər imperiyası xalqımızın dövlətçilik tarixində ən qüdrətli mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuş, Azərbaycan türk tayfalarının siyasi birliyini təmin edərək güclü dövlətçilik məktəbi yaratmış və sonrakı Azərbaycan dövlətlərinin inkişafına təsir göstərən zəngin siyasi-mədəni irs formalaşdırmışdır.

Şübhəsiz ki, ana dilinin qorunması, inkişaf etdirilməsi və dövlət idarəçiliyində tətbiqi dövlət quruculuğunun əsas amillərindən biridir.

XX əsrdə Azərbaycan türkcəsi iki dəfə rəsmi dövlət dili statusu qazanıb. Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mövcud olduğu qısa müddət Azərbaycan xalqının milli özünüdərkinin və müstəqil dövlətçiliyinin formalaşmasında tarixi bir mərhələ olub. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan ana dilini dövlətin rəsmi dili elan edib.

İkinci belə tarixi hadisə Güney Azərbaycanda baş verib. 1945–1946-cı illərdə Təbrizdə yaradılan Azərbaycan Milli Hökuməti türk dilini dövlət dili elan edib və fars dilini əvəz edərək məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların türk dilində aparılmasını dövlətin rəsmi göstərişi ilə həyata keçirmişdi.

1991-ci ildə SSRİ-nin süqutu nəticəsində yaranmış tarixi şərait Azərbaycan xalqına dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verdi. Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi.

Müstəqillik dövründə Azərbaycan dili dövlət dili statusu aldı, latın qrafikası isə rəsmi əlifba kimi qəbul edildi. Lakin müstəqillikdən keçən on il ərzində cəmiyyətdə kiril qrafikasından istifadə davam edir, dövlət idarələrində və ictimai həyatın müxtəlif sahələrində rus dili geniş şəkildə işlədilirdi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin formal deyil, praktikada da dövlət dili kimi tətbiq edilməsinə xüsusi önəm verirdi. Azərbaycan dilinin istifadəsini gücləndirmək məqsədilə onun imzaladığı Prezident Fərmanında bütün dövlət qurumlarında rəsmi sənədlərin latın qrafikalı Azərbaycan əlifbası ilə yazılması barədə dəqiq müddət göstərilmişdi.

Heydər Əliyev həmin sənəddə qeyd edirdi ki, Azərbaycan tarixində ilk dəfə hələ XVI əsrin əvvəllərində Şah İsmayıl Xətai Səfəvilər dövlətində ana dilimizin rəsmi dil kimi istifadə olunması barədə fərman verib.

Heydər Əliyev Şah İsmayıl Xətainin adını çəkməklə azərbaycanlıların milli, tarixi və mədəni kimliyinin dirçəldilməsinin əhəmiyyətini vurğulayırdı. Şah İsmayıl Xətai qüdrətli hökmdar və sərkərdə olmaqla bərabər, həm də Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərmiş böyük tarixi şəxsiyyət olub. Onun yaratdığı siyasi və mədəni irs bu gün də Azərbaycan dövlətçiliyinin ideya qaynaqlarından biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.

Heydər Əliyevin tarixi xidmətlərindən biri də türkdilli xalqlar arasında mədəni və mənəvi birliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyət olmuşdur. O, yaxşı anlayırdı ki, ortaq tarixi yaddaşa, dilə və mədəniyyətə malik türk xalqlarını bir araya gətirmək üçün onları birləşdirən ümumi dəyərlərə söykənmək lazımdır.

Bu baxımdan 2000-ci ilin aprelində böyük türk eposu olan “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunan və UNESCO səviyyəsində qeyd edilən bu möhtəşəm yubileyə türk dünyasının görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimləri toplaşmışdı. Bu tədbir təkcə qədim türk dastanının yubileyi deyil, həm də ümumtürk mədəniyyətinin və mənəvi birliyinin təntənəsi idi.

Sovet rejiminin pərən-pərən saldığı türkdilli xalqları ortaq mədəni irs ətrafında bir araya gətirilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm nəticələrindən biri oldu.

Qədim türk yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan hadisələrin mühüm hissəsi Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə gölü və digər tarixi Azərbaycan torpaqları ilə bağlıdır. Soykökümüzün, milli kimliyimizin, dövlətçilik ənənələrimizin və ana dilimizin öyrənilməsi baxımından zəngin mənbə olan bu möhtəşəm abidə Azərbaycan xalqı ilə bərabər, bütövlükdə türk dünyasının ortaq mənəvi sərvəti hesab olunur.

Heydər Əliyevin mədəni irs sahəsindəki mühüm xidmətlərindən biri Azərbaycan xalçaçılıq sənətinin milli mənsubiyyətinin beynəlxalq səviyyədə təsdiqlənməsi və dünyada geniş təbliğinə verdiyi töhfələr olmuşdur.

Tarixin müxtəlif mürəkkəb dönəmləri səbəbindən Azərbaycan xalçaları əksər hallarda öz həqiqi mənşəyi olan Azərbaycanla əlaqələndirilmirdi.

Azərbaycan xalçaları əsrlər boyu xalqımızın qədim tarixini, zəngin mədəniyyətini və etnik-mədəni kimliyini özündə əks etdirən nadir sənət nümunələri kimi formalaşıb. Bu xalçalar dünyanın ən nüfuzlu hərrac evləri olan Sotheby's, Christie's və Bonhams tərəfindən yüksək qiymətləndirilib, beynəlxalq kolleksiyaçılar və sənətsevərlər arasında daim böyük maraq doğurub. Azərbaycanın müxtəlif bölgələrində toxunan bu qiymətli xalçalar əsrlərlə formalaşmış xalçaçılıq ənənələrinə söykənirdi. Xalça ustaları yaşadıqları bölgələrin və tayfaların özünəməxsus ornamentlərini, rəmzlərini və nişanlarını xalçaların kompozisiyasında əks etdirərək öz kimliklərini ifadə edirdilər.

Uzun müddət beynəlxalq dövriyyədə Bakı, Təbriz, Gəncə, Ərdəbil, Qarabağ, Şuşa, Quba, Qazax, Şirvan, Dərbənd, Şəki və Azərbaycanın digər bölgələrinə aid xalçalar, Araz çayının şimalında və ya cənubunda toxunmalarından asılı olaraq “Qafqaz xalçaları” və ya “Fars xalçaları” adı altında təqdim olunurdu. Halbuki həmin xalçaların hamısı Azərbaycan xalçaçılıq məktəbinin məhsulu idi.

Bunun ən parlaq nümunələrindən biri XVI əsrə aid məşhur Ərdəbil xalçasıdır. Dünyanın ən möhtəşəm və tarixi baxımdan ən qiymətli xalça nümunələrindən biri hesab edilən bu nadir sənət əsəri hazırda Londonda Victoria və Albert Muzeyində sərgilənir.

Ərdəbil xalçası

Muzeydə xalçanın təqdimat lövhəsində onun İranın Azərbaycan bölgələrindən biri olan Ərdəbildə toxunduğu qeyd edilir.

Ərdəbil xalçası

Victoria və Albert Muzeyi, London

Əslində, “Qafqaz xalçaları” adı altında təqdim olunan xalçaların təxminən 90 faizi, eləcə də “Fars xalçaları” kimi tanınan xalçaların böyük əksəriyyəti Azərbaycan xalçaçılıq ənənələrinin məhsuludur.

Sotheby's hərrac evinin kataloqlarında yer alan klassik Şərq xalçaçılığı xəritələri də bu həqiqəti əks etdirir. Həmin xəritələrdə “Qafqaz” və “Fars” xalçaları kimi təqdim olunan nümunələrin əksəriyyətinin mənşə bölgəsi kimi Azərbaycan əraziləri göstərilir.

Solda: Hans Memlinqin (1430 –1494) çəkdiyi rəsm əsərində Azərbaycan xalçası, 15-ci əsrin sonu

Sağda: Muğan xlaçası, Azərbaycan Xalça Muzeyi

Azərbaycan xalçaları XIV əsrdən etibarən Qərbi Avropa rəssamlığında dekorativ element kimi də istifadə olunub. Azərbaycan toxucuları tərəfindən hazırlanmış bu xalçalar Avropaya ixrac edilir və nəticədə Renessans dövrü rəssamlarının əsərlərində dekorativ element kimi istifadə olunurdu. Bu səbəbdən Azərbaycan xalçaları bir çox Avropa rəsm əsərlərində zənginlik, zəriflik və yüksək sənət nümunəsi kimi təsvir edilib.

Heydər Əliyev Azərbaycan xalçaçılığının beynəlxalq səviyyədə tanıdılması məsələsinə xüsusi diqqət yetirirdi. Sovet İttifaqının ən nüfuzlu rəhbərlərindən biri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi o, 1983-cü ildə UNESCO-nun himayəsi altında Bakıda keçirilən Azərbaycan xalçalarına həsr olunmuş beynəlxalq simpoziumun təşkilinə dəstək göstərib və tədbirdə şəxsən iştirak edib.

Həmin simpozium Azərbaycan xalçalarının tarixi mənsubiyyətinin elmi əsaslarla təqdim olunması və onların Azərbaycan adı ilə tanıdılması istiqamətində mühüm mərhələ oldu. Görkəmli xalçaşünas Lətif Kərimov bu beynəlxalq forumda Azərbaycan xalçaçılığına dair geniş statistik və elmi məlumatlar təqdim edərək bu xalçaların Azərbaycanın hansı bölgələrində toxunduğunu ətraflı şəkildə nümayiş etdirmişdir.

Azərbaycan Xalça Muzeyi

Bu gün Bakının memarlıq simvollarından biri, xalça formasında inşa edilmiş Azərbaycan Xalça Muzeyi Azərbaycan xalçaçılıq sənətinin zəngin tarixini və inkişaf yolunu göstərir. Dünyada ilk ixtisaslaşmış xalça muzeyinin əsası da məhz Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Bakıda qoyulub.

Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində “Azərbaycan Respublikasında ənənəvi xalçaçılıq sənəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bununla da Azərbaycanın dünyanın əsas xalçaçılıq mərkəzlərindən biri kimi tarixi rolu beynəlxalq səviyyədə öz təsdiqini tapıb.

Bu gün Azərbaycanın zəngin mədəni irsinin mühüm nümunələri UNESCO-nun Dünya İrs Siyahısında layiqli yer tutur. Onların sırasında Azərbaycan muğamı, Dədə Qorqud irsi, Novruz bayramı, miniatür sənəti, kəlağayı milli baş örtüyü, tar, kamança, balaban milli musiqi alətləri və ifaçılıq sənəti, aşıq sənəti, çovqan ənənəvi Qarabağ atüstü oyunu və Lahıc misgərlik sənəti kimi nümunələr xüsusi əhəmiyyət daşıyır.

Bu faktlar Azərbaycanın çoxəsrlik mədəni irsinin bəşəriyyətin ümumi mənəvi sərvətinin ayrılmaz hissəsi kimi beynəlxalq səviyyədə tanındığını və qiymətləndirildiyini göstərir.

Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi, milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində fəaliyyət bu gün də uğurla davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azertag.az

2Mənbələr