AZ

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü enerji siyasəti ölkəni qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktorlardan birinə çevirib. Xüsusilə Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP və TAP layihələri enerji resurslarının təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə dünya bazarlarına çatdırılmasında strateji rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib.

Onun sözlərinə görə, son illərdə dünyada enerji təhlükəsizliyi məsələsi qlobal gündəliyin əsas mövzularından birinə çevrilib.

“Geosiyasi gərginliklər, enerji bazarlarında qiymət dəyişkənliyi və təchizat zəncirlərində yaranan problemlər bir çox ölkələri alternativ enerji mənbələri və etibarlı tərəfdaşlar axtarmağa sövq edib. Məhz belə bir şəraitdə Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləməyi bacarıb. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi enerji strategiyası Azərbaycanın yalnız enerji resurslarına malik ölkə kimi deyil, həm də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan dövlət kimi tanınmasına şərait yaradıb. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizi XXI əsrin ən iri enerji layihələrindən biri hesab olunur. TANAP və TAP layihələri Avrasiyanın enerji xəritəsini dəyişdirən mühüm təşəbbüslərdir. TANAP Azərbaycan qazını Türkiyə üzərindən Avropaya nəql edən əsas magistral kəmər olmaqla yanaşı, Türkiyənin də enerji mərkəzinə çevrilməsinə töhfə verir. TAP isə bu qazı Avropanın müxtəlif ölkələrinə çatdıraraq qitənin enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Bu layihələrin uğuru Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir. Vaxtilə böyük investisiyalar və ciddi siyasi iradə tələb edən bu təşəbbüslər bu gün həm region ölkələri, həm də Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qazının Avropa bazarına çıxışı qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə real töhfə verir”, - deyə ekspert vurğulayıb.

İlhan İşbaş bildirib ki, hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatması ölkənin enerji siyasətinin uğurunu əks etdirən mühüm göstəricidir. Bu ölkələr arasında Türkiyə, Gürcüstan və Avropa İttifaqına üzv bir sıra dövlətlər yer alır. Azərbaycan qazına olan tələbatın artması ixrac coğrafiyasının gələcəkdə daha da genişlənəcəyindən xəbər verir.

Ekspert qeyd edib ki, Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycan qazına marağın artması tamamilə qanunauyğundur. Çünki Azərbaycan uzun illərdir bütün müqavilə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirən etibarlı tərəfdaş kimi tanınır. Bu etimadın formalaşması isə uzunmüddətli və sabit enerji siyasətinin nəticəsidir.

Onun sözlərinə görə, Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlar yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır: “Enerji layihələri regional əməkdaşlığın genişlənməsinə, siyasi dialoqun möhkəmlənməsinə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Bu baxımdan Azərbaycan enerji diplomatiyasını uğurla həyata keçirən ölkələrdən biri kimi seçilir. Azərbaycan həm ənənəvi enerji resurslarının ixracında, həm də yaşıl enerji sahəsində həyata keçirdiyi layihələrlə gələcəyin enerji xəritəsinin formalaşmasında fəal iştirak edir. Xəzər dənizinin külək enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan yaşıl enerji layihələri və beynəlxalq tərəfdaşlarla qurulan əməkdaşlıq əlaqələri ölkənin enerji sektorunda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir”.

Ekspert vurğulayıb ki, qlobal enerji keçidi dövründə Azərbaycan öz strateji əhəmiyyətini daha da artırır. Ölkə həm karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı, həm də bərpaolunan enerji sahəsində perspektivli tərəfdaş kimi çıxış edir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətini daha da artırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
azertag.az

2Mənbələr