AZ

İqlim dəyişiklikləri kənd təsərrüfatında hansı problemlərə səbəb olur?

Aqrar ekspert: Güclü yağış və dolu əkin sahələrini yeni risklərlə üz-üzə qoyur

Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sahəsində ciddi narahatlıqlara səbəb olub. Güclü yağışlar, külək və bəzi ərazilərdə qeydə alınan dolu hadisələri əkin sahələri, meyvə bağları və tərəvəz təsərrüfatları üçün əlavə risklər formalaşdırıb.

Mütəxəssislərin fikrincə, yaz-yay mövsümünün keçid dövründə baş verən belə hava hadisələri kənd təsərrüfatı məhsullarının inkişaf mərhələsinə birbaşa təsir göstərir. Xüsusilə də məhsulun formalaşdığı dövrdə yağıntıların normadan artıq olması bitkilərin inkişafında problemlər yarada, məhsuldarlığın azalmasına səbəb ola bilər.

Aqrar sahədə fəaliyyət göstərən fermerlər bildirirlər ki, intensiv yağıntılar bəzi ərazilərdə sahələrə giriş imkanlarını məhdudlaşdırıb. Bu isə aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini çətinləşdirir. Eyni zamanda, torpaqda rütubətin artması müxtəlif xəstəliklərin və zərərvericilərin yaranması riskini də yüksəldir.

Dolu hadisələri isə xüsusilə meyvə bağları və tərəvəz sahələri üçün ciddi təhlükə hesab olunur. Qısa müddətdə yağan dolu meyvələrin zədələnməsinə, bitkilərin yarpaq və gövdələrinin sıradan çıxmasına səbəb ola bilir. Güclü küləklər də ağacların budaqlarının qırılması, yeni əkilmiş bitkilərin zədələnməsi və məhsul itkisi ilə nəticələnə bilər.

Kənd təsərrüfatı sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığından, ekstremal hava hadisələrinin təsirlərinin minimuma endirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan fermerlərin hava proqnozlarını diqqətlə izləməsi, qoruyucu tədbirləri vaxtında görməsi və aqrar sığorta mexanizmlərindən istifadə etməsi vacib hesab olunur.

Aqrar sahə üzrə ekspert Allahverdi Mustafayev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, kənd təsərrüfatı digər istehsal sahələrindən fərqli olaraq təbii amillərdən birbaşa asılıdır və son dövrlərdə müşahidə olunan ekstremal hava hadisələri aqrar sektorda riskləri daha da artırıb. Onun sözlərinə görə, normadan artıq yağan yağışlar taxıl və digər bitkilərin inkişafına mənfi təsir göstərir, məhsuldarlığın azalmasına səbəb olur: “Torpaqda rütubətin həddindən artıq artması köklərin çürümələrini sürətləndirir, müxtəlif xəstəliklərin yayılmasına əlverişli şərait yaradır. Bəzi hallarda isə yağıntıların intensivliyi tətbiq olunan aqrotexniki tədbirlərin, o cümlədən dərmanlama işlərinin effektivliyini azaldır.”

Ekspert qeyd etdi ki, güclü dolu və külək hadisələri qısa müddət ərzində əkin sahələrinə və meyvə bağlarına ciddi ziyan vura bilir. Bununla belə, müasir texnologiyaların tətbiqi hesabına bu risklərin müəyyən hissəsini azaltmaq mümkündür: “Dolu əleyhinə sistemlərin tətbiqi, süni yağıntı texnologiyalarından istifadə, quraqlığa davamlı sortların yetişdirilməsi və örtülü təsərrüfatların genişləndirilməsi gələcəkdə itkilərin minimuma endirilməsinə kömək edə bilər.

İqlim dəyişikliklərinin təsirləri fonunda aqrar sahədə yeni yanaşmaların tətbiqi, eləcə də innovativ texnologiyalara investisiyaların artırılması kənd təsərrüfatının dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.”

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
15
ikisahil.az

1Mənbələr