AZ

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Qarabağın bərpası və azad edilmiş ərazilərin inkişafında İslam maliyyə alətlərindən istifadə nə dərəcədə effektiv ola bilər?

İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən 2025-ci ilin avqust, sentyabr və oktyabr aylarında Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarına yaşıl İslam maliyyəsinin cəlb olunması ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində Dubay, Bəhreyn və Türkiyədə fəaliyyət göstərən İslam maliyyə mərkəzləri ilə görüşlər keçirilib, kapital qurumları ilə iclaslar təşkil olunub. Həmin görüşlərdə əsas məqsəd bu bölgələrin investisiya potensialını təqdim etmək və xarici investorların diqqətini Qarabağ və Şərqi Zəngəzura yönəltmək olub.

“Ümumiyyətlə, İslam maliyyəsi yaşıl iqtisadiyyatı dəstəkləyən sistemdir. Bu model ətraf mühitin qorunmasını, insan sağlamlığını və sosial rifahı ön plana çıxaran, insan mərkəzli iqtisadi yanaşmaya əsaslanır. Məhz buna görə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi nəzərdə tutulan layihələrin “sıfır karbon zonası” prinsipi əsasında qurulması İslam maliyyə institutları üçün olduqca cəlbedici hesab olunur. Son dövrlərdə İslam İnkişaf Bankı tərəfindən Şərqi Zəngəzur və Qarabağ bölgələrində həyata keçiriləcək layihələr üçün 432 milyon dollar vəsait ayrılıb. Bu vəsait əsasən iri infrastruktur layihələrinin icrasına yönəldilib və yaxın zamanda həmin layihələr üzrə tender proseslərinin yekunlaşması gözlənilir. Bununla yanaşı, BƏƏ və digər müsəlman ölkələrinin iştirakı ilə bölgədə müxtəlif layihələr həyata keçirilir. Xüsusilə bərpaolunan enerji sahəsinə maraq böyükdür.

Hazırda İslam İnkişaf Bankının əsas prioritet istiqamətləri sırasında infrastrukturun bərpası, dayanıqlı enerji mənbələrinin inkişafı, külək və günəş enerjisindən istifadə məsələləri dayanır. Bu prioritetlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi planlaşdırılan layihələrlə tam şəkildə uzlaşır. Gələcək mərhələdə də məhz bu istiqamətlər üzrə investisiyaların və maliyyə vəsaitlərinin artırılması nəzərdə tutulur”, - deyə R.Atakişiyev qeyd edib.

O diqqətə çatdırıb ki, bundan başqa, iyunun 16-21-də Azərbaycanda İslam İnkişaf Bankının illik toplantısı keçiriləcək: “Həmin toplantı çərçivəsində Azərbaycanın investisiya imkanları ilə bağlı təqdimatların keçirilməsi planlaşdırılır. Təqdimatlarda xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin iqtisadi potensialının beynəlxalq investorların diqqətinə çatdırılması, gələcəkdə daha genişmiqyaslı layihələrin icrası üçün əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur. Bütün bunlar göstərir ki, İslam maliyyə alətləri öz mahiyyəti etibarilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azertag.az

2Mənbələr